Tribuna.az xəbər verir ki, Macarıstanın baş naziri Peter Madyar Rusiya-Ukrayna müharibəsində Moskvanı açıq şəkildə təcavüzkar, Ukraynanı isə təcavüzün qurbanı adlandırıb. O, yaxın vaxtlarda Ukraynanın Zakarpatye vilayətinə səfər edəcəyini də açıqlayıb.
UNIAN-ın “Telex” nəşrinə istinadən yaydığı məlumata görə, Madyar bu barədə noyabrın 23-də Macarıstan parlamentində çıxışı zamanı danışıb.
Baş nazirin sözlərinə görə, noyabrın 17-də Rusiyanın Zakarpatyeyə üç mərhələdə hücum etməsi onu ailəsinin keçmişi ilə bağlı hadisələri xatırlamağa vadar edib. O bildirib ki, babası 1944-cü ildə Sovet qoşunlarının Mukacevoya daxil olmasından sonra şəhəri tərk edərək Debretsenə köçmək məcburiyyətində qalıb.
Madyar parlamentdəki çıxışında Zakarpatye sakinlərinə və Ukrayna xalqına dəstəyini ifadə edib. O, Ukraynanın beş ildir sağ qalmaq uğrunda ağır mübarizə apardığını vurğulayıb.
“Bu müharibədə Rusiyanın təcavüzkar, Ukraynanın isə qurban olduğunu açıq şəkildə demək vacibdir”, – deyə Macarıstan hökumətinin başçısı bildirib.
Madyar yaxın vaxtlarda Zakarpatyeyə səfər edərək bölgə sakinlərinə Macarıstanın dəstək mesajını şəxsən çatdırmaq niyyətində olduğunu açıqlayıb. Bununla belə, səfərin konkret tarixi hələ müəyyənləşdirilməyib.
Baş nazir qeyd edib ki, 2015-ci ildən bəri Macarıstanın seçilmiş baş nazirlərindən heç biri Zakarpatyeyə səfər etməyib. Onun sözlərinə görə, bu vəziyyət yaxın vaxtlarda dəyişəcək.
Orbanın siyasətini də tənqid edib
Madyar çıxışında sələfi Viktor Orbanın siyasətini də kəskin tənqid edib. O, əvvəlki hökumətin Ukrayna ilə münasibətlərinə və Rusiyaya yanaşmasına etirazını bildirib.
Bu açıqlamalar Budapeştin Moskva və Kiyevlə münasibətlərində mümkün yeni mərhələnin başlanğıcı kimi diqqət çəkir.
İmran Kərimli









