Magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin “leytenant” rütbəsində olma müddətinin azaldılması təsdiqlənib.
Tribuna.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliyi imzalayıb.
Sənədə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılır.
Bundan əlavə, “leytenant” hərbi rütbəsində olma müddətinə dair müddəalar yenilənib.
Belə ki, təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün həmin müddət 2 il, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün 1 il, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda 1 il müəyyən edilib.









