Ağstafa rayon icra başçısı Seymur Orucov bazarda satıcılarla söhbətləşib. Lakin onun ticarətçilərə, yaşlı adamlara “sən” deyə xitabı müzakirələrə səbəb olub və sosial mediada ictimai qınaqla üzləşib.
İcra başçısı satıcılardan birinə müraciət edərək götürdüyü məhsulun halallığını istəyib. Lakin Seymur Orucovun bazarı gəzərkən özünü sadə apara bilməməsi, məmur nəzakətindən kənar davranışı, pul vermək yerinə halallıq istəməsi, ən əsası isə yaşlı adamlara “sən” deməsi “qaş düzəltdiyi yerdə vurub göz çıxarmaq” kimidir.
Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu Tribuna.az-a bildirib ki, məmurlar nümunə olmalıdırlar. Onun sözlərinə görə, icra başçısının əhali ilə görüşməsi, bazarda çörək pulu qazanan satıcılarla maraqlanması ilk baxışdan təqdir oluna bilər: “Lakin hər bir dövlət məmuru davranışları, rəftarı, danışıq qabiliyyəti ilə nümunə olmağı bacarmalıdır. Təəssüf ki, bəzən məmurlar yaxşı görünmək istəyirlər, amma hərəkətləri ikrah hissi doğurur. Xüsusən də gənc məmurlar diqqətli olmalıdırlar”.
Həsən Ağa










