Tanınmış yazıçı, şair dramaturq Seyran Səxavət “Xəzər TV”ni boykot edib.
Tribuna.az xəbər verir ki, bu barədə Seyran Səxavət sosial şəbəkə hesabında video paylaşıb. O, noyabrın 3-də telekanalın “İncə səhər” verilişində qonaq olarkən çıxışının bəzi hissələrinin efirdən kəsilməsinə etiraz edib.
Yazıçı Murad Dadaşovdan məsələyə aydınlıq gətirməsini tələb edib:
“Ayın 3-də səhər saat 10-da “İncə səhər” verilişində qonaq kimi çıxış etdim. Oradakı texniki işçilər də mənim dediklərimi alqışlayırdılar.
Dövlətin rəsmi statistikasının verdiyi məlumatı mən orada deyirəm, onu kəsirlər. Niyə kəsirlər? Başa düşmədim.
Mən sənin də, “Xəzər”də işləyənlərin də hamısının xətrini çox istəyirəm. Amma sözün, həqiqətin xətrini sizin hamınızdan çox istəyirəm.
Ona görə də sənə öz narazılığımı bildirirəm. İndi nə tədbir görərsən, görməzsən, özün bilərsən.
Məni tanıyan, məni sevən yüz minlərlə oxucumu “Xəzər TV”nin “İncə səhər” verilişini boykot etməyə çağırıram. Baxmasın heç kəs ona.
Mənim 81 yaşım var, mənim redaktə olunan vaxtım deyil. Mən bu saat cəmiyyəti redaktə edirəm. Mən bu saat dünyanı redaktə edirəm. “Xəzər TV”nin hansısa redaktoru məni redaktə edir. Mən lazım olanda dünyanı, Azərbaycanı, öz əhatəmi redaktə edirəm, bunlar isə məni redaktə edirlər”.
Nigar İxtiyarqızı









