İranın Ali Lideri Müctəba Xamenei ABŞ-də keçirilən aralıq seçkilərindən sonra Vaşinqtonun Tehrana münasibətinin dəyişəcəyinə ümid bəsləməməyə çağırıb.
Tribuna.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun 1979-cu ildə Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü münasibətilə verdiyi bəyanatda deyilir.
“Əgər hələ də ABŞ-nin hakim dairələrində davranış dəyişikliyinə və ya partiya-fraksiya dəyişikliklərinə ümid bəsləyənlər, yaxud ABŞ-yə güzəştə getməklə onları İran xalqına qarşı düşmənçilikdən döndərməyin mümkün olduğunu təsəvvür edənlər varsa, onlar böyük səhv edirlər”, – Xamenei bildirib.
O, həmçinin ABŞ-nin yenidən hücum edəcəyi halda, İranın cavabının əvvəlkindən daha genişmiqyaslı olacağı barədə xəbərdarlıq edib. İranın Ali Lideri Fars körfəzində, xüsusilə Hörmüz boğazı ərazisində baş verən hadisələrin ABŞ-nin məğlubedilməzliyi mifini dağıtdığını və öz xalqına deyil, xarici dövlətlərə arxalanan hökumətlərin zəifliyini nümayiş etdirdiyini qeyd edib.
Qeyd edək ki, daha əvvəl ABŞ-də keçirilmiş aralıq seçkilərin nəticələrini şərh edən İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ vətəndaşlarının Konqresə seçkilərdə İranla müharibənin əleyhinə səs verdiklərini bildirib.









