Tribuna.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp siyasi icmalçı kimi fəaliyyət göstərməyə hazırlaşdığını bildirib.
Tramp bu barədə noyabrın 3-də özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
“Mən siyasi icmalçı olacağam. Namizədlərin niyə qalib gəldiklərini və ya məğlub olduqlarını, həm müsbət, həm də mənfi tərəfləri ilə təhlil edəcəyəm”, – deyə ABŞ prezidenti yazıb.
Bundan əlavə, Tramp üzərində ingiliscə “VETO” sözü yazılmış qırmızı papağın fotosunu paylaşıb. Bu paylaşım ABŞ-da aralıq seçkilərdən sonra Konqresdə yaranan siyasi vəziyyət fonunda diqqət çəkib.
“Veto” ABŞ prezidentinin Konqres tərəfindən qəbul edilən qanun layihəsini təsdiqləməmək və geri qaytarmaq hüququna işarə edir.
Tramp daha əvvəl respublikaçıların Konqresdəki mövqelərini itirəcəyi təqdirdə demokratların təşəbbüs göstərdiyi qanun layihələrinə veto qoyacağını bildirmişdi.
Beləliklə, prezidentin son paylaşımı Ağ Ev və Konqres arasında gələcək münasibətlərin necə formalaşacağı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
İmran Kərimli









