Müharibədən sonrakı İran: Yeni “üçlük” ölkəni hara aparacaq?

Müharibədən sonrakı İran: Yeni “üçlük” ölkəni hara aparacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İsraillə 38 gün davam edən müharibədən sonra İranda sular daha da bulanıqlaşmağa başlayıb. Artıq Tehrandan təkcə ziddiyyətli xəbərlər deyil, həmçinin qorxulu xəbərlər də gəlməyə başlayıb.

Birinci xəbər odur ki, SEPAH İran prezidenti Məsud Pezeşkian, spiker Məhəmməd Baqer Qalibaf və XİN başçısı Abbas Əraqçıya qarşı sui qəsd cəhdi edib. Bu məlumat sosial şəbəkələrdə rejimə yaxın mənbələr tərəfindən yayılıb. Hələlik rəsmi açıqlama yoxdur və böyük ehtimalla ki, olmayacaq.

İkinci xəbər isə İran parlamentinin spikeri, habelə ABŞ-la danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqer Qalibafın istefa verməsi ilə bağlıdır. SEPAH-ın təzyiqi ilə prosesin baş tutduğu deyilir. Bu məlumat da hələlik rəsmi təsdiqlənmir.

Bu iki xəbərə rəğmən, İranda müharibədən sonra tarazlıqların dəyişdiyi aydın şəkildə görünür. Köhnə komanda, xüsusən də dini lider Əli Xamineyinin öldürülməsindən sonra yaranmış boşluğu tez bir zamanda ikinci dərəcəli SEPAH rəsmiləri doldurmağı bacardılar. Lakin əsas fiqurların fonunda yeni komandanı bacarıqlı hesab etmək heç də real deyil. Düzdür, onlar istəkli, fanatik və mövcud imkanları əldən verməməyə çalışan hirsli bir komandadır. Amma bunun özü də nisbidir. Və müharibə tam bitdikdən sonra İranda yeni bir sistem və rejimin formalaşacağı qaşılmaz kimi görünür.

Müharibənin ilk günlərində komandanlığı ələ keçirmiş parlamenti spikeri Məhəmməd Baqer Qalibafın bir müddət sonra bu şansı əldə verdiyi açıq diqqət çəkirdi. O, Xamineyi dönəmində nüfuzlu biri olsa da, post Xamineyi dönəmində artıq imkanlarının, ən əsas dəstəyini itirməyə başlamışdı. Bunu görən Qalibaf durumun daha da ağırlaşmaması üçün ABŞ-la danışıqların vacib olduğunu gündəmə gətirməyə, bununla da tarazlığı qorumağa çalışdı. Lakin görünən odur ki, bunu bacarmadı. Onun İslamabada 71 nəfərlik heyətlə getməsi belə deməyə əsas verirdi ki, SEPAH hər şeyin nəzarətində olmasını istəyir. Elə İslamabadda danışıqların birinci raundunun uğursuzluğun da bununla bağlı idi.

İndi əsas sual budur ki, müharibədən sonra İranı nələr gözləyir? Müşahidə edilən başlıca məqam budur ki, artıq idarəçilik məsələsində əvvəlki “tək adam” dönəmi başa çatır. Yeni dini lider Müctəba Xamineyinin ortalıqda görünməməsi, onun ağır xəsarət alması, habelə atası kimi ötkəm olmaması yeni komandanın başa keçməsini şərtləndirəcək. Eyni zamanda, yeni dönəmdə “tək adam” idarəçiliyi “üçlük” formatında meydana çıxacaq.

Həmin üçlüyə daxil olanlardan biri İranda mühafizəkar qanadın lideri, son prezident seçkilərində Pezeşkiana uduzmuş Səid Cəlilidir. İranda yanvar etirazlarını qanla basdırmağa görə, SEPAH əsgərlərinə təşəkkür edən və vaxtıya bu hərbi birliyin komandanlarından olmuş Cəlili, həm də radikal dini baxışları ilə tanınır. Onun qəddar, prinsiplərindən geri çəkilməyən, eyni zamanda kinli olması İranda çoxdan məlum olan məsələdir. Elə son seçkilərdə lazımi qədər səs ala bilməməsi də bununla bağlıydı.

Yeni dönəmdə “üçlük”ün əss nümayəndəsi olacaq Cəlilinin İranda prezident postunu tutacağı daha çox realdır. O, bununla hakimiyyət bölgüsü məsələsində söz sahibi olacaq.

İkinci fiqur isə SEPAH-ın hazırkı komandanı Əhməd Vahididir. Müharibə zamanı fürsətdən istifadə edib ön plana çıxan Vahidinin əsas dəstəkçisi Cəlilidir. Çünki ikisi də eyni qanadın təmsilçiləridir. Lakin Vahidi Cəlilidən asılı olan biri kimi qəbul edilmir. Onun iddiaları var və başlıca məqsədi sözügedən hərbi kontingenti nəzarətində saxlamaqdır. Eyni zamanda, SEPAH-ın əvvəlki maliyyə gəlirlərini ələ keçirmək istəyi mövcuddur.

Onun yeni dönəmdə vəzifəsinin dəyişəcəyi inandırıcı görünmür. Hətta tərəflər razılıq əldə edə bilməsələr, o, ya Ali Təhlükəsizlik Şurası və ya Müdafiə Şurasının rəhbəri olacaq.

Üçüncü fiqura gəldikdə isə həmin şəxs təyin olunduğu gündən prezident Pezeşkianla hesablaşmayan Məhəmməd Rza Arefdir. Hazırda İranın vitse prezidenti olan Aref də mühafizəkar qanadın əsas fiqurlarından sayılır. Nüfuz məsələsinə gəlincə, bunu demək çətindir. Çünki faktiki dönəmdə İranda rakila xəttin tərəfdarları na cəmiyyətin münasibəti birmənalı deyil. Daha çox, onların əleyhidarlarının çox olma ehtimalı diqqəti çəkir. Amma onun parlamenti spikeri kimi, yerini möhkəmləndirəcəyi istisna deyil.

Əgər “üçlük” hakimiyyəti ələ keçirərsə, İranın sonrakı siyasəti necə olacaq? Bu məsələ Azərbaycanı da ciddi şəkildə maraqlandırır. Çünki Tehranın atacağı addımların ölkəmizə təsirləri mütləq olacaq.

Hər üç şəxsin ideoloji baxışları, siyasi yanaşmaları belə deməyə əsas verir ki, İran müharibədən sonra çox ağır və təhlükəli bir yola qədəm qoyacaq. Hətta ABŞ-la ümumi anlaşma olsa belə, bu uzun zaman davam etməyəcək. Çünki “üçlük” nüvə proqramından imtina etmək fikrindən uzaqdır. ABŞ onlar üçün düşmən dövlətdir. Habelə Yaxın Şərqdəki proxy təşkilatlardan imtina onlar üçün qəbuledilməzdir. Bu da o deməkdir ki, ABŞ İranla yeni bir müstəvidə, ağır iqtisadi şərtlərlə danışmağa başlayacaq. Üstəlik, bu prosesə Avropanın qoşulması da qaçılmaza çevriləcək.

Cəlili, Vahidi və Aref ittifaqı çevrə ölkələri üçün də risklər yaradacaq. Bu düşüncənin sahibləri “islam inqilabının ixracı” layihəsindən əl çəkməyəcəklər. Bəli, mümkündür ki, bu yöndə indiyə qədərki işlərdən fərqli bir formatla hərəkət etsinlər. Lakin mahiyyət dəyişmədikcə, bu, Azərbaycan da daxil olmaqla, əksər ölkələr üçün təhdidlər yaratmağa davam edəcək. Yəni, yenə əvvəlki kimi, “ideoloji dəstə”lərin ixracı, bölgədə kəşfiyyat oyunları, hakimiyyətləri dəyişmək cəhdləri davam edəcək.

Bəzi yanaşmalara görə, İran müharibədən sonra daha təhlükəli dövlətə çevriləcək. “Üçlük”ün yanaşması fonunda gəlinən bu qənaətə əsasən Yaxın Şərq və Qafqaz ölkələrinin daha ciddi sınaqlarla üz-üzə qalacağı da proqnozlaşdırılır. Məsələn, İrana humanitar yardım göndərən və dəstək verən Azərbaycan artıq Bəsic və SEPAH tərəfindən təhdid edilir. Təbrizdə bir qrup uşağa “Çaşma Azərbaycan” mahnısını oxutduran bu dəstə üçün Bakının göstərdiyi dəstəyin heç bir qiyməti yoxdur. Təbrizdə belələrinə “nəməh bə həram”, yəni “çörəyi dizinin üstnüdə olan”, “duz çörək qədri bilməyən” deyirlər.

Artıq Ermənistana da İranın dolayısı ilə təhdid mesajları göndərdiyi xəbərləri yayılır. ABŞ-la yaxınlaşan İrəvanın bu hərəkəti Tehranın xoşuna gəlməyib.

Beləliklə, İranı müharibədən sonra “qaranlıq tunel” gözləyir. Üç radikalın hakimiyyəti bölüşdürməsi əvvəlki sistemdən fərqli olaraq, daha ağır nəticələr verə bilər.

Fikrət Fəraməzoğlu,

Jurnalist Araşdırma Mərkəzinin rəhbəri,

Xüsusi olaraq Tribuna.az üçün