SOCAR Siyəzən İnformasiya Kommunikasiya Texnologiyalarına Xidmət sahəsində çalışan işçilərin ixtisara salınması ilə bağlı bildirişlər hazırlanıb.
Tribuna.az xəbər verir ki, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlıya bu barədə müraciət daxil olub.
Hüquq müdafiəçisi bildirib ki, bu qərar onlarla ailənin sosial rifahına ciddi təsir göstərəcək:
“İşçilərin əksəriyyətinin bank kreditləri və digər maliyyə öhdəlikləri mövcuddur. Onların arasında ailəni təkbaşına dolandıran, həyat yoldaşı olmayan qadınlar da var.
Xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, işçilərdən birinin qardaşı vaxtilə işsizlik səbəbindən intihar edib və hazırda həmin işçi də ağır psixoloji vəziyyət keçirərək ümidsizlik içində intiharı düşünür”.
Hüquq müdafiəçisi aidiyyəti qurumların məsələni diqqətdə saxlamalarını xahiş edir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul










