Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru olduğu dövrdə təhsil ocağına ayrılmış vəsaitlərin istifadəsi ilə bağlı ciddi maliyyə pozuntuları sübut olunarsa, onun istintaqa cəlb edilməsi hüquqi baxımdan mümkündür.
Bu barədə Tribuna.az-a verilən məlumatda deyilir.
Mətbuatda BDU-nun maliyyə və satınalmaları ilə bağlı bir sıra suallar gündəmə gətirilib.
Bu sıraya mühafizə xidmətinə ayrılan vəsaitlərin həcmi və müqavilələrin qiyməti, qazanxana tikintisi ilə bağlı milyonlarla manatlıq satınalmalar, tələbə evi və digər təsərrüfat layihələrinin xərclərində ciddi artımlar, universitet resurslarından kənar kommersiya maraqları üçün istifadə edilməsi barədə iddialar daxildir.
Xəbərdə deyilir ki, audit, satınalma sənədləri, bank əməliyyatları və faktiki görülmüş işlərin müqayisəsi maliyyə pozuntuları üzə çıxarsa, hüquqi qiymətləndirmə üçün əsas yarana bilər.
2025-ci ilin sonunda BDU-nun Zahid Xəlilov küçəsi 33 ünvanında yerləşən 1 saylı tədris binasının əsaslı təmiri üzrə tenderin qalibi “Koneks Construction” MMC seçilib. Şirkət 2024-cü ildə BDU-dan təxminən 952 min manatlıq
inventar satınalması da alıb. Bu məbləğ və şirkətin müxtəlif kateqoriyalarda tenderlərdə iştirak etməsi araşdırma üçün diqqətçəkən məqamdır.
Mətbuatda BDU-nun tələbə evi ilə bağlı xərclərin əvvəlki mərhələdə təxminən 4 milyon manat olduğu, sonrakı illərdə isə genişləndirmə və digər işlər adı altında 20 milyon manat səviyyəsinə çatdığı iddia olunur.
Mediada BDU-da qazanxana layihəsi üçün “A.E.S.-Trading” MMC-yə 2 milyon 498 min manatlıq sifariş verilməsi barədə məlumat dərc olunub. Layihənin texniki şərtləri nə olub? Qazanxananın faktiki dəyəri bazar qiymətləri ilə uyğundurmu?
İşlər tam görülüb və istismara verilibmi?
2025-ci ilin oktyabrında dərc olunmuş araşdırmada bildirilib ki, Elçin Babayevin rektorluğu dövründə BDU üzrə 71 satınalma müsabiqəsinin ümumi müqavilə dəyəri 26 322 311,58 manat olub.
Həsən Ağa









