Xəbər verildiyi kimi, ötən həftə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Abdullayeva İlhamə Sarif qızı Agentliyin Uşaq inkişafı və rifahı şöbəsinə müdir təyin edilib. Qeyd edək ki, İlhamə Abdullayeva 2022-ci ildən bu təyinatadək Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.
Tribuna.az bildirir ki, işlədiyi müddətdə Abşeron – Xızı təhsilini bazara çevirməsi ilə yadda qalan, adı müxtəlif neqativ məsələlərdə hallanan İlhamə Abdullayevanın agentliyə gətirilməsi suallar doğurur. Çünki Abşeron təhsilinə rəhbərlik etdiyi dövrdə fəaliyyəti heç də ona müsbət imic qazandırmayıb.
İlhamə Abdullayeva ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə rəhbərlik etdiyi dövrdə mətbuatda bir sıra ciddi iddialar dərc olunub. Bu materiallarda əsasən kadr təyinatları, məktəblərdə pul yığılması, maliyyə pozuntuları, qohumluq əlaqələri və məktəb təsərrüfatında nöqsanlar gündəmə gətirilib.
Mətbuatda yayılan iddiaya görə, 2023-cü ilin mayında Heydər Əliyevin 100 illiyi ilə bağlı məktəblərdə flaşmob keçirilməsi adı altında direktorlar arasında pul yığıldığı bildirilir.
Bir neçə media materialında Abdullayevanın vəzifəyə təyin etdiyi və müxtəlif məktəblərdə rəhbər vəzifələrə gətirilən şəxslərlə qohumluq və yaxınlıq əlaqələrinin olduğu iddia edilir.
Belə ki, Gülnaz Kərimova – Xırdalan şəhər 2 nömrəli məktəbin direktoru kimi; Arifə Balakişiyeva – Xırdalan şəhər 1 nömrəli məktəbin direktoru kimi; Səkinə Abbasova – Saray qəsəbəsindəki məktəblərdən birinə rəhbər təyin olunub.
2025-ci ildə dərc olunan xəbərlərdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin maliyyə fəaliyyətində 26 milyon manatlıq pozuntu və ya yeyinti iddiası gündəmə gətirilib.
Onun adı həmçinin, müxtəlif adlarla müəllim və məktəb işçilərindən pul yığılması, dərs saatlarının qeyri-şəffaf bölüşdürülməsi və satılması, müəllimlərin işə qəbul və dərs yükü məsələlərində qeyri-qanuni ödənişlərin olması, yoxlamaların məktəblərə təzyiq vasitəsi kimi tətbiq edilməsində çəkilib.
Belə bir qalmaqallı reputasiyaya malik İlhamə Abdullayevaya agentlikdə vəzifə verilməsi maraq doğurur – Eşqi Bağırov onu irəli çəkdi, yoxsa Abşeron təhsilindən uzaqlaşdırılıb “vuruldu”?
Yeri gəlmişkən, 2025-ci ildə bəzi media materiallarında Abdullayevanın ailəsinin dəbdəbəli həyat tərzi, övladının toy mərasimi, xarici səfərlər və Xırdalanda gözəllik salonu ilə bağlı məlumatlar yayılıb. Bir sözlə, Mətbuatda İlhamə Abdullayeva ilə bağlı yayılan materialları bir yerə topladıqda ciddi reputasiya və idarəetmə problemi görünür…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Həsən Ağa









