Tribuna.az xəbər verir ki, Associated Press və Reuters-in məlumatına görə, hadisə noyabrın 22-də Liviyanın şərqində yerləşən Benqazi hərbi-dəniz bazasında baş verib.
Liviyanın şərqində fəaliyyət göstərən hərbi rəsmilərin ilkin araşdırmasına əsasən, Rusiya hərbi gəmisinə Ukraynaya məxsus olduğu ehtimal edilən pilotsuz dəniz aparatları hücum edib. Məlumata görə, hücumda altı dron iştirak edib. Onlardan dördü zərərsizləşdirilib, ikisi isə birbaşa gəmiyə çırpılıb.
Zərbələrdən sonra gəmidə güclü partlayış və yanğın baş verib. Peyk görüntüləri “Merkury” korvetinin böyük hissəsinin çevrilərək suyun altına düşdüyünü, yalnız ön hissəsinin su üzərində qaldığını göstərib.
Hadisə nəticəsində 10 Rusiya və Liviya vətəndaşının yaralandığı bildirilir. Ölənlər barədə məlumat yoxdur.
Məlumata görə, hərbi gəmi Rusiyaya qayıdarkən yanacaq və təchizat almaq üçün Benqazi limanında dayanıb. Bu səfər Rusiya ilə Liviyanın şərqindəki hakimiyyət arasında mövcud dəniz əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Hadisədən bir neçə saat sonra Benqazi sahillərində Maltaya məxsus bayraq altında üzən kommersiya gəmisinin də dəniz dronu hücumuna məruz qaldığı bildirilib. Gəminin heyəti Liviya qüvvələri tərəfindən xilas edilib.
Liviyanın BMT tərəfindən tanınan Tripoli hökuməti ölkənin limanlarının və mülki infrastrukturunun xarici münaqişələrə cəlb edilməsindən narahatlığını ifadə edib.
BMT-nin Liviyadakı Dəstək Missiyası isə hadisənin müstəqil və şəffaf araşdırılmasına çağırıb. Təşkilat Liviyanın xarici münaqişələrin döyüş meydanına çevrilməməli olduğunu vurğulayıb.
Qeyd edək ki, hücuma görə məsuliyyəti heç bir tərəf üzərinə götürməyib. Ukrayna və Rusiya rəsmiləri də hadisə ilə bağlı dərhal rəsmi açıqlama verməyiblər. Buna görə də Ukraynanın hücumda iştirakı hələlik müstəqil şəkildə təsdiqlənməyib.
İmran Kərimli









