Ukrayna Rusiyanın neftayırma zavodlarına hücumları dayandırdı

Ukrayna Rusiyanın neftayırma zavodlarına hücumları dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, Ukrayna ABŞ Prezidenti Donald Trampın təzyiqlərindən sonra Rusiyanın neftayırma zavodlarına dron hücumlarına müvəqqəti fasilə verib.

“Reuters” agentliyinin oktyabrın 30-da yaydığı məlumata görə, bu barədə “The Wall Street Journal” əməliyyatların gedişindən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, oktyabrın ortalarında Ukraynanın uzaqmənzilli zərbələr həyata keçirən hərbi bölmələrinə davam edən əməliyyatları başa çatdırdıqdan sonra Rusiyanın neftayırma zavodlarına yeni hücumları dayandırmaq tapşırılıb.

Məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp son həftələrdə Ukraynanın Rusiya enerji infrastrukturuna hücumlarını dayandırması üçün Kiyevə təzyiqləri artırıb. Oktyabrın 20-də Osloda keçirilən görüş zamanı ABŞ nümayəndəsi Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenskiyə neftayırma zavodlarına zərbələrə 30 günlük fasilə verməyi təklif edib.

Ukrayna tərəfi isə bunun müqabilində Rusiyanın da Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmasını istəyib. Kiyev alternativ olaraq əlavə “Patriot” hava hücumundan müdafiə raketlərinin verilməsi məsələsini də gündəmə gətirib. Lakin bu təkliflər üzrə razılıq əldə olunmayıb.

Zelenski isə Ukrayna ordusunun neftayırma zavodlarına zərbə endirməsini qadağan edən hər hansı əmr almadığını bildirib. Onun sözlərinə görə, hərbçilər mövcud diplomatik vəziyyəti nəzərə alaraq son günlər daha ehtiyatlı davranıblar.

“The Wall Street Journal”ın mənbələri qeyri-rəsmi fasilənin ABŞ-da keçirilən aralıq seçkilərdən sonraya, hətta noyabrın daha sonrakı günlərinədək davam edə biləcəyini bildiriblər.

Qeyd edək ki, Ukraynanın Rusiyanın neft infrastrukturuna zərbələri Moskvanın enerji gəlirlərini və müharibəni maliyyələşdirmək imkanlarını zəiflətməyə yönəlib. Bununla belə, Kiyev hücumların dayandırıldığını hələlik rəsmən elan etməyib.