Tibbi, estetik və dental avadanlıqlarının satışını həyata keçirən “İnex” şirkətindən epilyasiya cihazı alan lazeroloqlar aldadıqlarını iddia edir.
Tribuna.az xəbər verir ki, Beyləqan rayonunda fəaliyyət göstərən lazeroloq Mədinə Əsədzadə Qaynarinfo-ya bildirib ki, “İnex” şirkətindən kredit yolu ilə 65 000 manata aldığı epilyasiya cihazı qısa müddətdə sıradan çıxıb. Mədinə Əsədzadə şirkətlə əlaqə saxlayıb. Şirkətdən cihazın təmiri üçün əlavə ödəniş tələb edilib. Lakin cihazın bundan sonra işləyəcəyinə zəmanət verilməyib.
“Cihazı alarkən ilkin ödəniş kimi 5000 manat tələb ediblər. Ayda 2500 manat olmaqla 3 ay ödəniş etmişəm. Beləliklə, şirkətə 12 500 manat pul ödəmişəm. Əlavə olaraq təmir üçün məndən 1150 manat alıblar. Cihaz təxminən 20 gün müddətində sıradan çıxıb. Hər dəfə təmir etdirmişəm. Nəhayət, gördüm ki, bu cihaz yararsızdır. Qiyməti 65 000 manat olan bir cihazın qısa müddətdə sıradan çıxdığına və təmirin də nəticəsi olmadığına görə kredit ödənişini dayandırmışam. Həmçinin şirkətdən tələb etmişəm ki, mənə dəymiş zərər ödənilsin”, deyə Mədinə Əsədzadə bildirib.

Şikayətçinin sözlərinə görə, şirkət problemi aradan qaldırmaq əvəzinə ona həd-qorxu gəlib: “Deyirlər ki, sizi məhv edərik. Bizim arxamızda nazir dayanır. Konkret olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adını hallandırırlar. Bizi onun adı ilə hədələyirlər”.
Qubada fəaliyyət göstərən “Jamila Beauty and Laser” gözəllik salonunun sahibi Gülşən Paşayeva da oxşar problemlə üzləşib. Onun sözlərinə görə, “İnex” şirkətindən aldığı epilyasiya cihazı 20 gün müddətində sıradan çıxıb.
“Şirkətlə əlaqə saxladım ki, gəlib təmir etsinlər. Ödəniş istədilər. Mən də bildirdim ki, 20 gün keçməyib, cihaz xarab olub. Niyə təmirinə görə əlavə ödəniş etməliyəm?! Məsələni ictimailəşdirəcəyimi bildirdim. Bundan sonra ödənişsiz təmirə razılaşdılar. Lakin təmirdən sonra cihazın normal işləyəcəyinə zəmanət vermədilər. Mən də etdiyim ödənişi geri tələb edərək cihazı geri qaytarmaq istədiyimi bildirdim. Əvvəlcə razılaşmadılar. Sonra isə bildirdilər ki, bir şərtlə cihazı geri alacağıq ki, dəymiş zərəri tələb etməyəsən. Həmçinin bununla bağlı görüntülü halda iltizam verəsən. Məlumat üçün deyim ki, cihazı 24 aylığına kreditə götürmüşdüm. 5000 manat ilkin ödəniş etmişdim. 2500 manat da kredit borcumu vermişdim. Yəni, mənə 7500 manat ziyan dəyib”, deyə Gülşən Paşayeva bildirib.

Şikayətçi əlavə edib ki, çarəsiz qalaraq şirkətlə razılaşıb: “Məni videoya çəkdilər ki, məsələni ictimailəşdirməyim. Dedilər, əks halda bu videonu əsas gətirərək səni həbs etdirərik. Lakin buna baxmayaraq mən məsələni ictimailəşdirərək pulumu tələb etdim. Bundan sonra başqa təhdidlər gəldi. Dedilər ki, şirkət Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovundur. Ona görə də hara şikayət etsən, xeyri olmayacaq, əvəzində sənin özünə problem yaranacaq”.
Gülşən Paşayeva deyib ki, qalmaqal barədə Taleh Heydərov da məlumatlıdır. “Taleh Heydərovun köməkçisi mənə zəng vurmuşdu. Dedi ki, şirkətin ona aidiyyəti yoxdur. Mən də dedim ki, şirkət israrla onun adını çəkir və onun adı ilə məni hədələyib, pulu geri qaytarmır”, deyə sahibkar vurğulayıb.
Mədinə Əsədzadə və Gülşən Paşayevanın iddiaları ilə bağlı “İnex” şirkəti ilə əlaqə saxladıq. Şirkətin Ləman adlı operatoru məsələ ilə şirkətin hüquqşünasının məşğul olduğunu deyərək bizimlə əlaqə saxlanılacağını bildirdi. İş gününün sonunadək gözləsək də, şirkətdən heç bir zəng gəlmədi.
.jpg)
Araşdırmalarımız zamanı məlum olub ki, “İnex” şirkəti vergi sistemində “İnex” MMC olaraq 16 sentyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Tofiq Məmmədov küçəsi, ev 20, mənzil 34-də yerləşir. “İnex” MMC-nin qanuni təmsilçisi Aslanov Mahir Zahid oğludur. Onun haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Şirkətin Kəmaləddin Heydərova, yaxud da oğlu Taleh Heydərova məxsusluğuna dair hər hansı fakta rast gəlinmir.









