Apple şirkəti səsli köməkçisi Siri üçün indiyədək ən böyük yeniləmələrdən birini hazırlayır. Gözləntilərə görə, yeni Siri süni intellekt imkanları baxımından ChatGPT, Claude və Gemini kimi məşhur çat-botlarla rəqabət apara biləcək səviyyəyə çatdırılacaq.
Tribuna.az xəbər verir ki, məlumatlara əsasən, şirkət iOS 27, iPadOS 27 və macOS 27 əməliyyat sistemlərində Siri-ni tamamilə yeni formada təqdim etməyi planlaşdırır.
Ən diqqətçəkən yeniliklərdən biri isə Siri-nin ilk dəfə ayrıca tətbiq şəklində istifadəyə verilə biləcəyidir. İndiyədək səsli köməkçi yalnız sistem pəncərələri və açılan interfeyslər vasitəsilə işləyirdisə, yeni versiyada onun özünəməxsus müstəqil istifadəçi interfeysi olacaq.
Bu dəyişiklik Siri-nin genişmiqyaslı yenidən işlənməsi ilə əlaqədardır. Apple səsli köməkçini sadə əmrləri yerinə yetirən sistemdən daha ağıllı və funksional süni intellekt platformasına çevirməyi hədəfləyir. Yeni Siri yalnız zəng etmək, mesaj göndərmək və ya hava proqnozunu göstərmək kimi əsas funksiyalarla kifayətlənməyəcək. Sistem mürəkkəb sorğuları emal edə, internet məlumatlarından istifadə edə və istifadəçinin şəxsi məlumatlarını nəzərə alaraq daha dəqiq cavablar təqdim edə biləcək.
Şirkətin planına əsasən, yenilənmiş Siri əməliyyat sisteminə daha dərindən inteqrasiya olunacaq. Bu isə köməkçiyə istifadəçinin cihazında saxlanılan məlumatlara daha geniş çıxış imkanı verəcək. Siri elektron poçtlar, mesajlar, şəkillər, təqvim qeydləri, kontaktlar, qeydlər, sənədlər və digər fayllarla işləyə biləcək.
Belə imkanlar sayəsində süni intellekt istifadəçinin sorğularının məzmununu daha yaxşı anlayacaq və daha mürəkkəb tapşırıqları yerinə yetirə biləcək. Gözlənilən funksiyalar arasında məlumat axtarışı, mətn və şəkil yaradılması, sənədlərin qısa xülasələrinin hazırlanması, faylların təhlili, şəxsi məlumatlarla işləmə, məktub və mesajların yazılması, cihaz parametrlərinin idarə olunması və sistem daxilində məlumat axtarışı yer alır.
Yeni Siri tətbiqinin interfeysinin də müasir çat-botlara bənzəyəcəyi bildirilir. İstifadəçilər “Ask Siri” bölməsində mətn yazaraq və ya səsli şəkildə müraciət edə biləcəklər. Bundan əlavə, fotoşəkillər, PDF sənədlər və digər faylları əlavə etmək üçün xüsusi düymənin də tətbiqə daxil ediləcəyi gözlənilir. Apple istifadəçilərin rahatlığı üçün hazır sorğu nümunələri də təqdim etməyi planlaşdırır.
Yazışma prosesi iMessage tətbiqinə bənzər şəkildə təşkil olunacaq. Siri-nin cavabları mətn, keçidlər, şəkillər və digər məzmun növlərindən ibarət ola biləcək.
Yeniliklər yalnız funksionallıqla məhdudlaşmayacaq. Şirkət Siri üçün daha müasir və qaranlıq rəng çalarlarına əsaslanan dizayn hazırlayır. Bu istiqamətdə ilk işarələr WWDC 2026 tədbirinin vizual tərtibatında da müşahidə olunur. Tədbirin dizaynında qara fon, ağ Swift loqosu və çəhrayı, mavi, bənövşəyi və narıncı rənglərin yumşaq keçidləri istifadə olunub. Bu rənglər hazırkı Siri animasiyalarını xatırlatsa da, daha sakit və minimalist üslubda təqdim edilir.
Mütəxəssislər hesab edirlər ki, planlaşdırılan yeniliklər reallaşarsa, Siri uzun illərdən sonra ilk dəfə olaraq süni intellekt bazarında aparıcı rəqiblərlə eyni səviyyədə mübarizə aparmaq imkanı əldə edə bilər. Yeni sistemin rəsmi təqdimatının WWDC 2026 konfransında baş tutacağı gözlənilir.









