GALLUP Beynəlxalq Assosiasiyası dünən Ermənistanda keçiriləcək parlament seçkilərində sonuncu sorğusunu keçirib.
Tribuna.az xəbər verir ki, 1104 seçici arasında aparılan soğruya əsasən baş nazir Nikol Paşinyanın rəhbəri olduğu “Mülki Müqavilə” Partiyası öndədir.
Sorğunun nəticəsinə əsasən Mülki Müqavilə Partiyası ümumi səslərin 32.4%-ni yığa biləcək. Müxalifətdə olan və Rusiyanın diqtəsi ilə hərəkət edən Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyası həmin səslərin 16,4 faizini əldə edə biləcək gücdədir. Robert Koçaryanın rəhbəri olduğu “Haystan” bloku isə 15,2 faiz səs ala bilər. Milyonçu Qaqik Tsarukyanın rəhbəri olduğu “Çiçəklənən Ermənistan” Partiyasının səs qazanma imkanı 8,8%, Arman Tatoyanın başçılıq etdiyi Birlik Qanadları Partiyası isə 6,2% səs toplaya bilib.
Qeyd edək ki, sabah keçiriləcək seçkilərdə qalib olarsa, müxalifət təkbaşına hökumət quracaq gücdə olmadığını özü də etiraf edir. Bunun üçün partiyaların birgə səsinə ümid bəsləyir. Lakin Arman Tatoyan digər müxalif partiyaları ilə birlikdə hərəkət etməyəcəklərini açıqlayıb. Ona görə də, “Haystan” bloku, “Güclü Ermənistan” və “Çiçəklənən Ermənistan” partiyaları alacaqları səslərə güvənmək məcburiyyətindədirlər.
Ermənistanın baş naziri Nikol Paşinyanın isə 33 faizlə təkbaşına hökumət qurmaq imkanı real deyil. Amma hakimiyyətin alternativ planlarının olmasına dair məlumatlar da mövcuddur. Belə ki, seçkilərə müxalifət adı ilə qatılmış bir neçə partiyanın seçkilərdən sonra Mülki Müqavilə ilə birləşəcəyi və ya səslərini ona verəcəyi ehtimalları var. Bu da nəticə etibarı ilə onun partiyasının 50 faizədən çox səs toplamasına gətirib çıxara bilər.
Fərda Uğur









