Azərbaycan millisinin Avstriya toplanışında heyətdə dəyişiklik edilib. Malta ilə oyundan sonra futbolçular arasında yaşanan gərginliyin ardından iki oyunçu düşərgədən ayrılıb.
Tribuna.az xəbər verir ki, AFFA-nın yaydığı məlumata görə, Anton Krivotsyuk və Abdulla Xaybulayev Azərbaycan milli komandasının heyətindən çıxarılıb.
Qeyd edək ki, millimiz Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda Maltaya 0:2 hesabı ilə məğlub olub.
Həmin qarşılaşmada rəqibin ikinci qolundan sonra futbolçular arasında gərgin anlar yaşanıb və oyunçular bir-biri ilə mübahisə edib. AFFA isə heyət dəyişikliklərinin səbəbi ilə bağlı əlavə məlumat verməyib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iyunun 9-da San Marino yığması ilə qarşılaşacaq.









