Müasir dünyada riyaziyyata münasibət dəyişir. Riyaziyyat artıq yalnız məktəb fənni və ya fundamental elm sahəsi deyil, süni intellektin, yüksək texnologiyaların, kibertəhlükəsizliyin, kvant informatikasının və müasir iqtisadiyyatın əsas intellektual bazalarından biri kimi qəbul edilir.
Bu yanaşmanın nümunələrindən biri Rusiyada riyaziyyat elmlərinin inkişafı üzrə uzunmüddətli Konsepsiyanın qəbul edilməsidir. Sənəddə riyaziyyat ölkənin texnoloji liderliyi, rəqabətqabiliyyətliliyi və elmi potensialı ilə əlaqələndirilir.
Riyaziyyat mərkəzlərinin inkişafı, istedadlı gənclərin erkən müəyyənləşdirilməsi, yüksək ixtisaslı alimlərin hazırlanması və riyaziyyat müəllimlərinin peşəkar inkişafı prioritet istiqamətlər kimi müəyyən edilir. Xüsusilə Sİ dövründə riyazi düşünmə, modelləşdirmə, statistika, optimallaşdırma və alqoritmik düşüncə strateji əhəmiyyət qazanır. Buna görə ölkələrin riyaziyyata investisiyası əslində gələcəyin insan kapitalına və texnoloji imkanlarına investisiyadır.
RF-nın riyaziyyat elmlərinin inkişafı üzrə uzunmüddətli Konsepsiyası 2030 və 2036 perspektivində riyaziyyatı milli elmi-texnoloji inkişafın strateji resursuna çevirmək cəhdidir. Bu konsepsiya Azərbaycan üçün xüsusilə maraqlıdır, çünki söhbət yalnız riyaziyyat fənninin tədrisindən deyil, riyaziyyatı elmi-texnoloji inkişafın strateji infrastrukturu kimi qəbul edən dövlət siyasətindən gedir. Məlimdur ki, sovet dönəmində Azırbaycanda güclü riyaziyyatçılar yetişmişdi, riyaziyyat məktəbləri yaranmışdı. Təəssüf ki, müstəqillik illərində bu səviyyəni saxlaya bilmədik. Ölkədən beyin axını sürətləndi, gedənlərin də çoxu riyaziyyatçılar oldu. İnsan kapitalının inkişafından illərlə danışıb, real insan kapitalının ilbəil zəifləməsinin fərqində olmadıq.
PİSA-2025 şagird nSİ liyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq ölçmələr də mütəmadi olaraq 15 yaşlı şagirdlərimizin riyaziyyatı zəif mənimsəməsini göstərir. Şagirdlərimiz OECD ölkələri üzrə orta qiymətdən xeyli aşağı nəticə verirlər. Burada son riyaziyyat dərsliklərinin keyfiyyətsizliyi, son ildə 30 test texnologiyalarının, repetitorluğun kütləviləşməsinin riyazi təhsilə mənfi təsirini də qeyd etməliyik.
2026-cı il sentyabrın 24-də Rusiya hökuməti 2030-cu ilə qədər və 2036-cı ilə perspektiv üçün “Rusiya Federasiyasında riyaziyyat elmlərinin inkişafı Konsepsiyası”nı təsdiqləyib. Bu sənədin diqqətçəkən cəhəti onun yalnız riyaziyyat alimlərinin və ya məktəb riyaziyyatının problemlərinə həsr olunmamasıdır. Konsepsiyada riyaziyyat fundamental elm, yüksək texnologiyaların əsası, süni intellektin inkişafının mühüm bazası, hesablama imkanlarının genişləndirilməsi, elmi kadr hazırlığı, texnoloji suverenlik, iqtisadi rəqabətqabiliyyətlilik ilə əlaqələndirilir. Sənədin əsas mesajı belədir: riyaziyyat yalnız təhsil fənni deyil, ölkənin elmi və texnoloji inkişafının fundamental infrastrukturlarından biridir. Bu yanaşma Azərbaycan üçün də ciddi düşüncə mövzusudur.
KONSEPSİYANIN ƏSAS MƏQSƏDİ NƏDİR?
Konsepsiyanın əsas məqsədi Rusiyanın riyaziyyat elmləri sahəsində lider mövqelərini əldə etməsi və möhkəmləndirməsidir. Bu məqsəd texnoloji liderlik, rəqabətqabiliyyətlilik, müstəqillik və dövlət təhlükəsizliyi ilə əlaqələndirilir. Burada mühüm bir fəlsəfi məqam var. Riyaziyyatın inkişafı riyaziyyat → elm → texnologiya → iqtisadiyyat → dövlətin inkişafı zənciri daxilində nəzərdən keçirilir. Başqa sözlə, riyaziyyata qoyulan investisiya yalnız təhsil xərci kimi deyil, uzunmüddətli elmi-texnoloji kapitala investisiya kimi qiymətləndirilir.
RİYAZİYYAT NİYƏ MƏHZ İNDİ YADA DÜŞDÜ ?
Konsepsiyada müasir elmin getdikcə daha çox riyazi metod və alətlərdən istifadə etdiyi vurğulanır. Bu, təsadüfi deyil. Müasir elmin böyük hissəsi artıq modelləşdirmə, optimallaşdırma, ehtimal və statistika, diferensial tənliklər, qraf nəzəriyyəsi, diskret riyaziyyat, hesablama riyaziyyatı, riyazi məntiq, alqoritmlər üzərində qurulur.
Süni intellektin özü də böyük ölçüdə riyazi aparat üzərində qurulub. Maşın öyrənməsi, neyron şəbəkələri, optimallaşdırma, ehtimal nəzəriyyəsi, statistika və xətti cəbr Sİ sistemlərinin əsas komponentlərindəndir. Rusiya sənədi də fundamental riyaziyyatın praktiki tətbiqinin, o cümlədən süni intellekt texnologiyalarının inkişafı və hesablama imkanlarının artırılması üçün mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayır.
KONSEPSİYA RİYAZİ TƏHSİLƏ NECƏ BAXIR?
Burada çox mühüm fərq var. Söhbət yalnız “Şagird riyaziyyatdan yaxşı qiymət alsın” məqsədindən getmir. Daha geniş məqsəd Riyazi düşünmə qabiliyyətinə malik insan kapitalı yaratmaqdır. Bu isə məntiqi düşünmə, abstrakt düşünmə, modelləşdirmə, problem həlli, alqoritmik düşünmə, statistik düşünmə, sübut və arqumentasiya, mürəkkəb sistemləri anlama bacarıqlarını əhatə edir. Belə baxışda riyaziyyat ayrıca fənn olmaqdan çıxaraq digər elm və texnologiyaların ortaq dili statusunu qazanır.
“RİYAZİYYAT ELMİ” İLƏ “RİYAZİYYAT TƏHSİLİ”NİN BİRLƏŞDİRİLMƏSİ
Konsepsiyanın mühüm tərəflərindən biri riyaziyyat elmini müxtəlif təhsil pillələri və elmi institutlarla əlaqələndirməsidir. Sənəddə yüksək ixtisaslı kadrların hazırlanması, istedadlı tələbələrin və aspirantların dəstəklənməsi, riyaziyyat və əlaqəli elmlər üzrə alimlərin inkişafı, beynəlxalq elmi əməkdaşlıq, riyazi maarifləndirmə, əhalinin riyazi mədəniyyətinin yüksəldilməsi kimi istiqamətlər nəzərdə tutulur. Beləliklə, sistem belə qurulur:
Məktəb+İstedadların aşkarlanması+Olimpiada və xüsusi proqramlar+ Universitet + Magistratura+Doktorantura+ Riyaziyyat elmi +Sİ və yüksək texnologiyalar+ İqtisadiyyat və sənaye. Bu, sadəcə təhsil siyasəti deyil. Bu, milli intellektual kapitalın reproduksiya mexanizmidir.
RİYAZİYYAT MƏRKƏZLƏRİ ŞƏBƏKƏSİ
Konsepsiyanın ən maraqlı alətlərindən biri riyaziyyat mərkəzləri sistemidir. Sənəddə onun icra mexanizmləri arasında: Rusiya riyaziyyat mərkəzləri şəbəkəsi, dünya səviyyəli beynəlxalq riyaziyyat mərkəzləri, regional elmi-təhsil riyaziyyat mərkəzləri, Milli Fizika və Riyaziyyat Mərkəzi, “Talant və uğur” fondu ilə bağlı beynəlxalq riyaziyyat mərkəzi göstərilir. Bu, çox mühüm idarəetmə yanaşmasıdır. Çünki bütün potensialı bir neçə paytaxt universitetində cəmləşdirmək əvəzinə şəbəkə modeli yaradılır.
REGİONAL RİYAZİYYAT MƏRKƏZLƏRİ NİYƏ LAZIMDIR?
Regional mərkəzlərin bir neçə funksiyası ola bilər: istedadların aşkarlanması (rayon məktəblərində güclü şagirdlərin müəyyənləşdirilməsi, müəllimlərin inkişafı (riyaziyyat müəllimlərinin davamlı peşəkar inkişafı), universitet–məktəb əlaqəsi (universitet professorlarının məktəblərlə işləməsi), elmi fəaliyyət (gənc tədqiqatçıların hazırlanması), olimpiada hazırlığı (riyaziyyat olimpiadaları üçün sistemli hazırlıq), yeni təlim metodları. (riyazi düşünmə və problem həlli metodlarının məktəblərə ötürülməsi). Bu baxımdan mərkəz sadəcə “kurs keçilən bina” deyil, məktəb–universitet–elm–sənaye ekosisteminin qovşağıdır.
YÜKSƏK İXTİSASLI KADR PROBLEMİ
Riyaziyyatın inkişafında ən böyük problemlərdən biri kadr məsələsidir. Konsepsiyada alimlərin, gənc alimlərin, tələbələrin, aspirantların dəstəklənməsi ayrıca istiqamət kimi nəzərdə tutulur. Bu yanaşmanın məntiqi aydındır. Əgər ölkə güclü riyaziyyatçı, statistik, Sİ mütəxəssisi, data elmi, kriptoqraf, optimallaşdırma mütəxəssisi, hesablama riyaziyyatçısı azırlamırsa, yüksək texnologiyalarda xarici biliklərdən asılılığı artır. Deməli, riyaziyyatçı hazırlığı gələcəyin texnoloji insan kapitalının hazırlanması deməkdir.
RİYAZİYYAT VƏ SÜNİ İNTELLEKT
Bu sənədin Azərbaycan üçün ən maraqlı tərəflərindən biri məhz buradır. Sİ dövründə bəzən belə fikir yaranır: “Kompüter hesablayırsa, riyaziyyatı niyə öyrənək?”. Əslində bunun əksi baş verir. Sİ inkişaf etdikcə, riyazi düşünməyə daha çox ehtiyac yaranır. Çünki Sİ sistemlərinin arxasında ehtimal, statistika, xətti cəbr, optimallaşdırma, analiz, qraf nəzəriyyəsi, məntiq, alqoritmlər dayanır. Buna görə gələcəyin riyaziyyat təhsili yalnız hesablamaya əsaslanmamalıdır. Əsas prioritet riyazi düşünmə + hesablama düşüncəsi + Sİ savadlılığı olmalıdır
RİYAZİYYATIN SƏNAYE İLƏ ƏLAQƏSİ
Konsepsiyanın mühüm strateji məqsədlərindən biri fundamental tədqiqatların prioritet və yüksək texnologiyalı sahələrdə tətbiqini gücləndirməkdir. Burada riyaziyyat elmdən → texnologiyaya → məhsula keçməlidir. Məsələn, Riyazi optimallaşdırma logistika, enerji, nəqliyyat, istehsalı, Statistik modellər səhiyyə, maliyyə, sığorta, marketinq, Diferensial tənliklər mühəndislik, fizika, iqlim modelləri, Qraf nəzəriyyəsi internet, nəqliyyat şəbəkələri, sosial şəbəkələr, Riyazi məntiq və alqoritmlər proqramlaşdırma, kibertəhlükəsizlik, Sİ kimi sahələrdə tətbiq edilir. Beləliklə, riyaziyyat universitet auditoriyasından çıxaraq iqtisadiyyatın real problemlərinin həllinə daxil olur.
RİYAZİYYATIN POPULYARLAŞDIRILMASI
Konsepsiyanın ayrıca bölməsi riyazi maarifləndirməyə və riyaziyyatın populyarlaşdırılmasına həsr olunub. Bu, çox vacib məsələdir. Çünki riyaziyyat yalnız istedadlı uşaqlar üçün nəzərdə tutulan elit fəaliyyət kimi təqdim olunarsa, cəmiyyətin böyük hissəsi ondan uzaqlaşa bilər. Məqsəd cəmiyyətdə riyazi mədəniyyət yaratmaqdır. Bu isə riyazi oyunlar, elmi-populyar kitablar, media, televiziya, podkastlar, olimpiadalar, məktəb klubları, universitet tədbirləri, riyaziyyat festivalları asitəsilə həyata keçirilə bilər.
RİYAZİYYATIN MİLLİ TƏHLÜKƏSİZLİKLƏ ƏLAQƏLƏNDİRİLMƏSİ
Rusiya konsepsiyası riyaziyyatı yalnız iqtisadi inkişafla deyil, müstəqillik və təhlükəsizliklə də əlaqələndirir. Sənəddə riyaziyyatın əhəmiyyətinin düzgün qiymətləndirilməməsinin mühüm yüksək texnologiyaların, o cümlədən müdafiə və təhlükəsizliklə bağlı texnologiyaların inkişafında geridəqalma riski yarada biləcəyi qeyd edilir. Bu yanaşmanın arxasında daha geniş fikir dayanır: fundamental elm strateji müstəqilliyin bir komponentidir. Bu, xüsusilə Sİ , kibertəhlükəsizlik, kriptoqrafiya, superhesablama, pilotsuz sistemlər, kosmik texnologiyalar, modelləşdirmə kimi sahələrdə görünür.
BU KONSEPSİYA RİYAZİYYAT TƏDRİSİNDƏ NƏYİ DƏYİŞDİRƏ BİLƏR?
Burada daha fundamental nəticə çıxarmaq olar. Ənənəvi modeldə riyaziyyat = düstur + hesablama + imtahan. Yeni modeldə isə riyaziyyat = düşünmə + modelləşdirmə + problem həlli + sübut + alqoritm + texnologiya kimidir. Bu dəyişiklik xüsusilə Sİ dövründə vacibdir. Şagird məsələni necə həll edim sualından əlavə bu problemin modeli nədir, hansı fərziyyələri qəbul edirəm, hansı həll daha səmərəlidir, nəticəni necə yoxlaya bilərəm, kompüter və Sİ mənə harada kömək edə bilər kimi suallarını verə bilər.
RUSİYANIN RİYAZİ TƏHSİL SİSTEMİ
Bu yeni konsepsiya boş yerdən yaranmayıb. Rusiya 2024-cü ildə 2030-cu ilə qədər riyaziyyat və təbiət elmləri təhsilinin keyfiyyətinin yüksəldilməsi üzrə ayrıca kompleks fəaliyyət planı qəbul etmişdi. Həmin planda riyaziyyat, fizika, kimya və biologiyanın tədrisinin keyfiyyətinin artırılması, müəllim hazırlığının yaxşılaşdırılması və müəllim çatışmazlığının aradan qaldırılması əsas vəzifələr kimi göstərilib. 2026-cı ilin sentyabrında verilən monitorinq məlumatına görə, 2025-ci ildə riyaziyyat, fizika, kimya və biologiya müəllimlərindən təxminən 100 min nəfər ixtisas üzrə əlavə peşəkar hazırlıq keçib, bu göstərici həmin planın illik minimum orientirini əhəmiyyətli dərəcədə üstələyib. Eyni monitorinqdə dərinləşdirilmiş və ya profil səviyyəsində riyaziyyat və təbiət elmləri öyrənənlərin sayında 17% artım bildirilib. Bu fakt göstərir ki, Rusiya riyaziyyat siyasətini yalnız “elm siyasəti” kimi deyil, məktəb → universitet → elm → texnologiya zənciri kimi qurmağa çalışır.
AZƏRBAYCAN ÜÇÜN ƏSAS DƏRS NƏDİR?
Burada söhbət Rusiya modelini olduğu kimi Azərbaycana köçürməkdən getməməlidir. Daha doğru yanaşma riyaziyyatı Azərbaycan elm və təhsil siyasətinin strateji prioritetlərindən birinə çevirməkdir. Azərbaycan üçün də ayrıca “Azərbaycan Riyaziyyat Elmlərinin İnkişafı – 2035” konsepsiyasının hazırlanması nəzərdən keçirilə bilər.
AZƏRBAYCAN ÜÇÜN TƏKLİF OLUNAN MODEL
I. Milli Riyaziyyat Şurası. Şuranın tərkibində riyaziyyatçılar, riyaziyyat müəllimləri, pedaqoq-alimlər, Sİ mütəxəssisləri, data elmi mütəxəssisləri, mühəndislər, iqtisadçılar, universitet nümayəndələri ola bilər.
II. Azərbaycan Milli Riyaziyyat Mərkəzi. Əsas funksiyaları fundamental tədqiqat, tətbiqi riyaziyyat, Sİ və riyaziyyat, hesablama riyaziyyatı, gənc alimlərin hazırlanması.
III. Regional Riyaziyyat Mərkəzləri. Məsələn, Bakı + Gəncə + Sumqayıt + Şəki + Lənkəran + Naxçıvan + Qarabağ regional şəbəkəsi.
IV. “Məktəb–Universitet–Elm” modeli. Hər regional mərkəz məktəblər + universitet + elmi tədqiqat + sənaye arasında körpü rolunu oynaya bilər.
AZƏRBAYCAN ÜÇÜN “RİYAZİYYAT 2035” PROQRAMININ ƏSAS İSTİQAMƏTLƏRİ
• Riyaziyyat müəllimi. Yeni nəsil riyaziyyat müəllimi modeli.
• Riyazi düşünmə. Əzbərdən problem həllinə keçid.
• Riyaziyyat + Sİ . Sİ dövrünün riyaziyyat kurikulumu.
• İstedadların aşkarlanması. 5–6-cı siniflərdən sistemli diaqnostika.
• Olimpiada sistemi. Olimpiadaların vahid milli ekosistemi.
• Riyaziyyat elmi. Gənc riyaziyyatçıların dəstəklənməsi.
• Hesablama riyaziyyatı. Riyaziyyat + Python + modelləşdirmə + simulyasiya.
• Tətbiqi riyaziyyat. Sənaye və biznes problemlərinin həlli.
• Riyazi mədəniyyət. Cəmiyyətdə riyaziyyata marağın artırılması.
• Beynəlxalq əməkdaşlıq. Azərbaycan riyaziyyatçılarının beynəlxalq şəbəkələrə inteqrasiyası.
RİYAZİYYATA GENİŞ BAXIŞ
Bu sənəddən çıxan ən mühüm dərs budur ki, riyaziyyatı yalnız “məktəb fənni” kimi görmək olmaz. Riyaziyyat təhsil siyasətidir, elm siyasətidir, kadr siyasətidir, Sİ siyasətidir, innovasiya siyasətidir, texnologiya siyasətidir, iqtisadi inkişaf siyasətidir. Bu baxımdan riyaziyyatın vəziyyəti ölkənin intellektual potensialının mühüm indikatorlarından biri kimi qəbul edilə bilər.
Göründüyü kimi, Rusiyada 2026-cı ildə qəbul edilmiş yeni konsepsiyanın əsas əhəmiyyəti onun riyaziyyata verdiyi strateji statusdadır. Sənəd riyaziyyatı fundamental elm → insan kapitalı → yüksək texnologiya → Sİ → iqtisadiyyat → milli inkişaf zəncirinin mühüm komponenti kimi təqdim edir. Konsepsiyanın icra mexanizmləri isə yalnız maliyyələşdirmə ilə məhdudlaşmır. Burada riyaziyyat mərkəzləri, regional elmi-təhsil mərkəzləri, beynəlxalq mərkəzlər, yüksək ixtisaslı kadr hazırlığı, istedadların dəstəklənməsi, hesablama infrastrukturu və riyazi maarifləndirmə birlikdə nəzərdə tutulur.
Azərbaycan üçün əsas məsələ bu olmalıdır ki, biz riyaziyyatı sadəcə məktəb fənni kimi tədris edəcəyik, yoxsa onu Azərbaycanın 2035-ci ilə qədər elmi-texnoloji inkişaf strategiyasının fundamental dayaqlarından birinə çevirəcəyik?
Əgər ikinci yanaşma seçilərsə, məqsəd yalnız riyaziyyat imtahanlarında nəticəni yüksəltmək olmamalıdır. Əsas məqsəd riyazi düşünən şagird → yaradıcı tələbə → tədqiqatçı → mühəndis → Sİ mütəxəssisi → innovator → yüksək texnologiyalı iqtisadiyyat zəncirini yaratmaq olmalıdır.
Bu gün Azərbaycanın qarşısında çox konkret bir strateji vəzifə dayanır: “Azərbaycan Riyaziyyat Elmlərinin və Riyazi Təhsilin İnkişafı üzrə Milli Strategiya – 2035” hazırlamaq. Bu strategiya yalnız riyaziyyat müəllimlərinin deyil, ETN, Elm və Təhsil Nazirliyinin müvafiq qurumlarının, universitetlərin, elmi institutların, Azərbaycan Milli Elmlər Akademiyasının, sənaye və texnologiya sektorunun ortaq layihəsi olmalıdır. Çünki Sİ dövründə riyaziyyata investisiya etmək əslində ölkənin gələcək intellektual və texnoloji imkanlarına investisiya etməkdir.









