Dövlət Gömrük Komitəsinin (DGK) 4 tenderi bir gündə ləğv edilib.
Tribuna.az xəbər verir ki, Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (AİİBNDA) komitənin hazırladığı tender layihələrini məqbul hesab etməyib.
Belə ki, Komitənin “Azərterminalkompleks” Birliyi “Yeni Səngəçal” Gömrük Postunun əsaslı təmiri və abadlaşdırma işləri aparma istəyib. 106 min 43 manatlıq layihənin icrası tenderdə üçüncü namizədin olmaması səbəbindən ləğv edilib.
Eyni birlik “Culfa” və “Sədərək” gömrük postlarında talvarların tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasını da reallaşdırmaq fikrində olub. Bu məqsədlə 35 min 46 manat ayırıb. Lakin Agentlik “Dövlət satınalmaları haqqında” qanunun 36.1-ci maddəsinin pozulmasını əsas tutaraq, nəticəni ləğv edib.
“Azərterminalkompleks” Birliyinin ləğv edilən üçüncü tenderi isə “Sədərək” gömrük postunda yeni su quyusunun qazılması üçün layihə smeta sənədlərinin hazırlanması ilə bağlı olub. 29 min 972 manatlıq büdcə ilə bu işin reallaşdırılması qərarlaşdırılıb.
Sonuncu ləğv edilən tender isə həmin Birliyin “Şirvan” gömrük postunda cari təmir işləri aparması ilə bağlı olub. 34 min 26 manatlıq layihənin icrasında da qanunun tələbinin pozulması səbəbindən icazə verilməyib.
Fərda Uğur









