Deputat parlamenti “danışmaxana” adlandırdı – Sahibə Qafarova müdaxilə etdi

Deputat parlamenti “danışmaxana” adlandırdı – Sahibə Qafarova müdaxilə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Səyyad Aranla parlamentin sədri Sahibə Qafarova arasında çıxış üçün ayrılan vaxtla bağlı mübahisə yaşanıb.

Tribuna.az xəbər verir ki,  deputat ona əvvəlcədən 10 dəqiqə vaxt ayrıldığını bildirərək çıxış müddətinin 5 dəqiqəyə endirilməsinə etiraz edib.

“Mənim haqqımı heç kim ala bilməz. Bəziləri yerdən deyir ki, 5 dəqiqə, 3 dəqiqə… Qardaş, danışmaq istəmirsənsə, danışma. Başqalarına niyə yol göstərirsən? Bu, Milli Məclisdir, danışmaxanadır?” – deyə deputat bildirib.

O, Türkiyə Böyük Millət Məclisində və Rusiya Dövlət Dumasında çıxışlara belə məhdudiyyət qoyulmadığını da qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova deputata irad bildirərək parlament etikasına və leksikasına riayət etməyə çağırıb. O xatırladıb ki, çıxış müddətinin 5 dəqiqə müəyyənləşdirilməsi təklifi səsə qoyularaq qəbul edilib.

Sədr deputata çıxışını davam etdirmək üçün imkan yaradıldığını bildirib: “Buyurun, nə qədər istəyirsiniz, ürəyiniz nə qədər istəyir, danışın”.

Səyyad Aran isə sədrin münasibətinə belə cavab verib: “Sizin bu şəfqətiniz az qala mənim gözümü yaşatsın. Çox sağ olun”.

Sahibə Qafarova da deputata emosiyalarını cilovlaya bildiyini söyləyərək çıxışını davam etdirməsini təklif edib.

Bundan sonra Səyyad Aran ötənilki çıxışından sitat gətirməklə sözə başlayacağını bildirib.