Təhvil verdikləri pambığın pulunu ala bilməyən Salyan, Sabirabad, Neftçala fermerləri etiraza qalxıb. Fermerlər bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin qarşısına toplaşıb.
Tribuna.az-a bu barədə məlumat verən şikayətçilər bildirib ki, Salyan Aqropark Pambıq Emal Zavodu sahibkarlara zülm edir.
Fermerlərin sözlərinə görə, onlar Salyan rayon Aqroparkla 2025-in aprelində müqavilə bağlayıblar. Lakin hələ də müqavilənin şərtlərinə əməl edilmir.
Fermerlər onlara ödənməli olan vəsaitin verilməsi üçün aidiyyəti bütün qurumlara müraciət etdiklərini bildiriblər. Lakin heç bir tədbir görülmür, pulları ödənilmir:
“Müraciət etmədiyimiz qurum qalmayıb. 176 fermerin adından danışıram. 2 milyon 600 min alacağımız var. 1 ildir bu pulu ala bilmirik. Bizim də ödənişlərimiz var, biz də borc etmişik, pis vəziyyətdə qalmışıq”.
Digər şikayətçi isə bildirib ki, onlar üzləşdikləri problemə görə Kənd Təsərrüfatı Nazirliyinə müraciət də ediblər. Lakin nazirlikdən onlara heç bir köməklik göstərilməyib:
“Nazirlikdən bizə bildirirlər ki, özəl şirkətlə müqavilə bağlamısınız, biz heç nə edə bilmərik, gedib pulunuzu onlardan tələb edin. Nazirlik deyir mənlik deyil. Onluq deyilsə, bəs mən dərdimi kimə deyim? Biz başqa ölkədən gəlməmişik ki? Bu ölkənin vətəndaşı, fermeriyik də. Kənd Təsərrüfatı Nazirliyi də bizə kömək etmirsə, kimdən kömək istəyək?
Əgər bu nazirliyin gücü çatmırsa, problemi dövlət başçısına çatdırsın o zaman. Qoy dövlət başçısı bilsin ki, kənd təsərüfatı sahəsində işləyənlərə qarşı haqsızlıq var, kəndçilərə belə zülm edirlər. Bunu biri çatdırsın da yuxarılara. Hamı bizi başından rədd edir. Biz başqa millətdən deyilik, başqa ölkədən gəlməmişik. Belə zülm olmaz axı”.
Aqroparkın icraçı direktoru Məhərrəm Qafarov Xəzər TV-nin əmıkdaşına telefon danışığı zamanı bildirib ki, məsələ yaxın vaxtlarda həllini tapacaq.
Gülşən Rəsul









