Ukrayna Krım körpüsünə uğurlu zərbə endirib

Ukrayna Krım körpüsünə uğurlu zərbə endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, Ukraynanın Krım körpüsünə endirdiyi zərbə Rusiya üçün mühüm logistik marşrutlardan birinə qarşı həyata keçirilən əməliyyat kimi qiymətləndirilir.

ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin fikrincə, hücum Ukraynanın işğal altındakı Krım vasitəsilə Rusiya ordusunun əsas təchizat marşrutlarını sıradan çıxarmağa yönəlmiş sistemli əməliyyatlarının tərkib hissəsidir.

ISW bildirir ki, Kerç boğazı üzərində yerləşən 19 kilometrlik körpü Rusiya ilə Krım arasında mühüm nəqliyyat əlaqəsidir. Bu marşrut Rusiya qüvvələrinin işğal altındakı ərazilərə hərbi təchizatının çatdırılmasında da istifadə olunur.

İnstitutun qiymətləndirməsinə görə, körpüyə zərbə Rusiyanın strateji obyektləri hava hücumlarından qorumaq imkanlarının məhdudluğunu göstərir. Hücumdan sonra Rusiya hərbi bloqerləri də mühüm infrastruktur obyektlərinin müdafiəsinin yetərli olmamasını tənqid ediblər.

ISW qeyd edir ki, Ukrayna Krımdakı Rusiya hava hücumundan müdafiə sistemlərini zəiflətmək istiqamətində də əməliyyatlar həyata keçirir. Bu isə Ukrayna qüvvələrinin yarımadadakı hərbi hədəflərə zərbə endirmək imkanlarını artırır.

Bununla yanaşı, Kerç körpüsü Rusiyanın Krıma iki əsas quru təchizat marşrutundan biridir. Digər marşrut Ukraynanın işğal altındakı Donetsk, Zaporojye və Xerson vilayətlərindən keçir. Körpünün fəaliyyətində yaranan fasilələr digər marşrutun yükünü artırır.

Qeyd edək ki, noyabrın 15-dən 16-na keçən gecə Ukrayna qüvvələri körpüyə pilotsuz uçuş aparatları ilə zərbə endirib. Rusiya rəsmiləri hərəkətin müvəqqəti dayandırıldığını, daha sonra isə qismən bərpa edildiyini bildiriblər. Noyabrın 17-də körpünün yenidən hücuma məruz qaldığı barədə məlumatlar yayılıb. Son hücumun nəticələri ilə bağlı ilkin məlumatlar isə hələ dəqiqləşdirilir.

İmran Kərimli