“Blue Residence”dən ev alan sakin şikayətçidir: “Evlərə yağış suyu sızır” – Video

“Blue Residence”dən ev alan sakin şikayətçidir: “Evlərə yağış suyu sızır” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Blue Residence” yaşayış kompleksinin rəhbərliyi sakinlərin su sızması ilə bağlı şikayətlərinə altı aydır reaksiya verməməkdə ittiham olunur.

Tribuna.az xəbər verir ki, bu barədə Esmira adlı sakin sosial şəbəkədəki şikayət səhifəsində paylaşım edərək mənzilində uzun müddətdir davam edən problemlə bağlı narazılığını ifadə edib.

Sakin bildirib ki, 2026-cı ilin may ayından etibarən kompleksin rəhbərliyinə dəfələrlə müraciət edərək quraşdırılmış pəncərələrin yağış zamanı su buraxdığını diqqətə çatdırıb. Lakin iddiaya görə, altı ay keçməsinə baxmayaraq, problem aradan qaldırılmayıb.

Onun sözlərinə görə, ötən gecə yağan güclü yağış zamanı pəncərələrdən mənzilə yenidən su sızıb. Nəticədə parketin su altında qalması və yararsız vəziyyətə düşməsi təhlükəsi yaranıb.

Bundan başqa, yuxarı mərtəbədən tavana su axması divar kağızlarına da zərər vurub.

Şikayətçi qeyd edib ki, sakinlər hər ay kommunal ödənişləri vaxtında etməyə çağırılsalar da, qarşılığında öz problemlərinin həllini görə bilmirlər:

“Biz pulu vaxtında ödəyirik, amma siz altı aydır öz öhdəliyinizi yerinə yetirmirsiniz! Biz mənzili su içində yaşamaq üçün almamışıq!”.

Sakin problemin ictimailəşdirilməsini istəyərək media nümayəndələrini mənzilə dəvət edib və çəkiliş aparmağa hazır olduğunu bildirib.

Məsələ ilə bağlı “Blue Residence” rəhbərliyinin mövqeyini öyrənməyə hazırıq.

Gülşən Rəsul