Paşinyan dekabrda üç dəfə Moskvaya gedəcək. Bunu erməni baş nazir özü açıqlayıb. O, 3,11 və 21 dekabr tarixlərində Rusiyada olacaq. Son iki tarix Avrasiya İqtisadi İttifaqının və MDB liderlərinin qeyri-rəsmi yığıncağı ilə bağlıdır. Lakin dekabrın 3-dəki səfərin səbəbini açıqlamayıb. Bununla yanaşı, hökumət başçısı Rusiya ilə əlaqələrin yaxşılaşmasını müzakirə edəcəyini bildirib.
Tribuna.az-a danışan siyasi şərhçi Ramiyə Məmmədova Paşinyanın Putinlə KTMT və Aİİ mövzularını müzakirə edəcəyini bildirib. Onun sözlərinə görə, baş nazir Rusiyanın dəvətini geri çevirərək Antalya və Dublinə getdi, indi isə Kremlin qəzəbini soyutmağa çalışır: “Paşinyan Moskva ilə məsafəli münasibətlərin tərəfdarıdır. Rusiya da anlayır ki, Ermənistanda siyasi hakimiyyət dəyişməsə, hazırkı əlaqələr bu şəkildə pisləşməyə doğru inkişaf edəcək. Paşinyan Rusiyadan uzaqlaşma, siyasi-iqtisadi və hərbi təsirləri azaltma yolu seçib”.
Onun fikrincə, bu mənada, Paşinyan Moskvaya bir ayda üç dəfə getməklə vaxt udmağa, Rusiyadan artan təzyiqlərin güclənməsinin qarşısını almağa çalışacaq.
Həsən Ağa









