Tribuna.az xəbər verir ki, amerikalı maliyyəçi Ceffri Epşteynin 2019-cu ildə həbsxanada ölümü ilə bağlı yeni iddia irəli sürülüb. Məhkəmə-tibbi ekspert Maykl Friman onun intihar etmədiyini, qətlə yetirilmiş ola biləcəyini bildirib.
Ekspert BBC Newsnight proqramına müsahibəsində Epşteynin yarılma fotolarını və tibbi sənədlərini təhlil etdikdən sonra bu qənaətə gəldiyini deyib. Onun fikrincə, maliyyəçi böyük ehtimalla arxadan boğularaq öldürülüb.
Friman Epşteynin bədənində sol çiyin nahiyəsində dərin qanaxma, eləcə də üz nahiyəsinə zərbə endirilməsini xatırladan xəsarətlər aşkarlandığını bildirib. O, boyundakı izlərin üzərində dırnaq cızıqlarına bənzər əlamətlərə də diqqət çəkib.
Ekspert ehtimal edir ki, Epşteyn əvvəlcə xüsusi parça vasitəsilə boğulub, daha sonra həmin vasitədən onun meyitini çarpayıya asmaq üçün istifadə edilib.
Bununla belə, Frimanın gəldiyi nəticələr hələ rəsmi şəkildə təsdiqlənməyib. O, meyiti şəxsən müayinə etməyib, araşdırmasını Epşteynin qardaşı Markın təqdim etdiyi sənədlər və fotoşəkillər əsasında aparıb. Tədqiqatı elmi ekspertizadan da keçməyib.
Rəsmi araşdırma intihar nəticəsini dəyişməyib
Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu il avqustun 10-da Nyu-Yorkdakı həbsxana kamerasında ölü tapılıb. Həmin vaxt o, yetkinlik yaşına çatmayan qızların cinsi istismarı ilə bağlı ittihamlar üzrə məhkəməni gözləyirdi.
2019-cu ildə yarılmanı aparan Nyu-York məhkəmə-tibbi ekspertizası onun ölümünü intihar kimi qiymətləndirib. Ekspertiza zamanı ölüm səbəbi asılma kimi göstərilib.
Nyu-Yorkun keçmiş baş tibbi eksperti Barbara Sampson da rəsmi nəticəni müdafiə edərək Epşteynin ölüm səbəbi ilə bağlı qərarının qüvvədə qaldığını bildirib.
Beləliklə, yeni ekspert rəyi Epşteynin ölümü ilə bağlı mübahisələri yenidən gündəmə gətirsə də, onun qətlə yetirildiyini təsdiqləyən yeni rəsmi qərar yoxdur.
İmran Kərimli









