2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak etmək istəyən Silven Dürif qeyri-adi seçki vədləri ilə diqqət çəkib.
Tribuna.az xəbər verir ki, özünü “Kosmik Məsih” və “Böyük Hökmdar” adlandıran Silven Dürif ölkədə köklü dəyişikliklər etməyi planlaşdırır.
Onun seçki proqramında bütün vergilərin ləğvi və vətəndaşların borclarının tamamilə silinməsi kimi təkliflər yer alır. Namizəd bu addımların yoxsulluğun aradan qaldırılmasına kömək edəcəyini iddia edir.
Dürif həmçinin Fransadakı bütün həbsxanaların bağlanmasını təklif edir. Lakin bu halda cinayət törədən şəxslərin necə cəzalandırılacağına dair konkret plan açıqlamayıb.
Namizədin vədləri bununla da bitmir. O, prezident seçiləcəyi təqdirdə ölkədə Wi-Fi şəbəkələrinin, LED lampaların və tərkibində təbii olmayan maddələr olan diş məcunlarının istifadəsini qadağan etmək niyyətindədir.
Silven Dürif Fransanın mövcud siyasi sistemini də dəyişmək istəyir. O, respublika idarəetmə formasına son qoyaraq ölkədə monarxiyanın bərpasını təklif edir.
Qeyd edək ki, qeyri-adi çıxışları ilə tanınan Dürif 2017-ci ildə də Fransa prezidentliyinə namizəd olmaq istəyib. Lakin qanunvericiliyin tələb etdiyi 500 seçilmiş nümayəndənin dəstəyini ala bilmədiyindən seçkilərdə rəsmi namizəd kimi iştirak edə bilməyib.









