Aktrisa Sonaxanım Əliyeva çalışdığı teatrdan məcburi şəkildə uzaqlaşdırıldığını bildirib.
Tribuna.az xəbər verir ki, bu barədə aktrisa özü məlumat yayıb.
Onun sözlərinə görə, teatr rəhbərliyi səhnədən uzaqlaşması üçün qarşısına şərt qoyub:
“2010-cu ildə mənə dedilər ki, ya ərizəni yaz, ya da səni maddə ilə işdən çıxaracağıq. 51 yaşıma çatmışam, ömrümün 31 ilini bu sənətə həsr etmişəm. Bundan sonra hansı işin qulpundan yapışa bilərəm? Sənətimi təmənnasız sevdim. Teatr üçün burnumun ucu göynəyir”.
Sonaxanım Əliyeva bildirib ki, onun bu vəziyyətə düşməsində teatrın o zamankı rəhbərliyini günahlandırır:
“İstəmirəm onun adını çəkim. Bu, onun üçün çox olar. Biz onunla qastrollara getdik, yanımda oturub mənimlə çörək kəsdi, amma bu işi gördü. Utanmadı”.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sonaxanım Əliyevanı teatrdan məcburi uzaqlaşdıran şəxs Gənc Tamaşaçılar Teatrının həmin vaxtkı direktoru Mübariz Həmidov olub.









