Adətən bir sual bizi düşündürəndə kitablara üz tuturuq və bunun üçün ən etibarlı ünvan kitabxanalar olur. Ancaq dünyada elə bir kitabxana var ki, burada kitablar yox, insanlar oxunur.
Tribuna.az xəbər verir ki, “İnsan Kitabxanası” adlanan bu qeyri-adi sistemdə səhifə çevirmək əvəzinə qarşınızdakı insanın həyat hekayəsini dinləyirsiniz. Maraqlandığınız sualların cavabını kitablarda deyil, bunu şəxsən yaşamış birinin təcrübəsində tapırsınız. Bəs bu fərqli sistem necə işləyir?
Kitabxanalar dəyişir: Artıq danışan insanlar var
Məlumatın sürətlə istehlak edildiyi, rəqəmsal məzmunun saniyələr içində köhnəldiyi bir dövrdə kitabxanalar təkcə kitab rəflərindən ibarət məkanlar olmaqdan çıxıb. Onlar cəmiyyətin yaddaşını qoruyan, tənqidi düşüncəni inkişaf etdirən və hər yaşdan insan üçün bərabər öyrənmə imkanı yaradan vacib mədəni mərkəzlərə çevrilib. Bu məkanlarda artıq bilik oxunmur, dinlənilir. Qarşınızda oturan bir insandan həyat hekayəsini eşitməyə hazırsınızmı?
Kitabların deyil, insanların “danışdığı” kitabxana
Səhifələr yerinə göz-gözə baxılan, başlıqlar əvəzinə həyatların oxunduğu bir kitabxana təsəvvür edin. İnsan Kitabxanası (Human Library) adlanan bu beynəlxalq sosial layihə, önyarğıları səssiz şəkildə deyil, birbaşa dialoq yolu ilə aradan qaldırmağı hədəfləyir.
“Canlı kitablar”la üzbəüz söhbət
Bu ideya ilk dəfə 2000-ci ildə Danimarkada Ronni Abergel, Dany Abergel, Asma Mouna və Stig Hansen tərəfindən irəli sürülüb. Layihə ilk dəfə Kopenhagen yaxınlığında keçirilən Roskilde Musiqi Festivalında tətbiq olunub. Məqsəd festival mühitində tez-tez rast gəlinən ayrı-seçkilik, kənarlaşdırma və zorakılıq meyllərinə qarşı insanlar arasında birbaşa ünsiyyət yaratmaq idi.
Layihə qısa müddətdə böyük maraq doğurdu və zamanla dünyanın bir çox ölkəsinə yayıldı. Bu kitabxanada sistem tamamilə fərqlidir: rəflərdə kitablar yox, masalarda oturan insanlar olur. Oxucular isə müəyyən vaxt ərzində bir “canlı kitab”la təkbətək söhbət edir. Burada oxumaq — bir insanın həyat hekayəsini birbaşa onun öz dilindən dinləmək deməkdir. Görüşlər adətən 15–30 dəqiqə davam edir və tamamilə qarşılıqlı dialoq üzərində qurulur.
İmran Kərimli











