Azərbaycana 50-dən çox mahnı həsr edən Yaroslav Semyonov Bakıda – FOTO, VİDEO

Azərbaycana 50-dən çox mahnı həsr edən Yaroslav Semyonov Bakıda – FOTO, VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabr ayında “İstedadlar kaleydoskopu” layihəsinin təşkilatçılığı ilə Bakıda restoranların birində Rusiyadan gələn həvəskar bəstəkar-müğənni Yaroslav Semyonovun yaradıcılıq gecəsi və konserti keçirilib.

Baxmayaraq ki, Yaroslav Semyonov internetdə və televiziya kanallarında tanınır, “YouTube” və “Odnoklassniki” sosial şəbəkəsində xeyli sayda izləyicisi var, bir çox konsertlər verib və müxtəlif tədbirlərdə çıxış edib, bu konserti onun doğma vətənində, izləyiciləri qarşısında verdiyi ilk solo konsert kimi də qiymətləndirilə bilər.

Qeyd edək ki, Yaroslav Semyonov Rusiyada yaşasa da, Azərbaycanda, Sumqayıtda doğulub və 22 yaşınadək Gənclik şəhərində yaşayıb. O, 1982-ci ildə komsomol gənclər inşaatçı dəstəsinin tərkibində uzaq Kareliyaya, Kostomukşa işləməyə gedib.

Azərbaycanı, adət-ənənələrimizi və musiqimizi çox sevən Yaroslav Semyonov Rusiyada yaşasa da, özünü “34-cü kvartalın uşağı” hesab edir. O, Polad Bülbüloğlunun sənətinin və ifasının vurğunu olduğunu da bildirir:

“Xüsusilə də “Gəl, ey səhər” mahnısını çox sevirəm. Azərbaycanı, vətənimi çox sevirəm. Soruşan olanda deyirəm ki, milliyyətcə azərbaycanlıyam”, – Yaroslav Semyonov deyib.

Yaroslavın anası rus, atası isə azərbaycanlıdır.

Azərbaycanda doğulub böyüyənlərin bir çoxu müxtəlif səbəblərdən xaricə üz tutur. Lakin onların az qala hamısı doğma yurduna, buranın insanlarına və mədəniyyətinə bağlı qalır, vətən həsrəti yaşayır.

Yaroslav Semyonov dabu sarıdan istisna deyil.

Ruhu və qəlbi ilə Azərbaycana bağlı olan Yaroslav Semyonov xatirələrində Sumqayıtda dünyaya gəlib böyüdüyünü qeyd edir:

“Kareliyada tikintidə işləyəndə orada işləyənlərin hamısına ev verdilər. Beləcə, orada qalmalı oldum. Amma doğma yurdum üçün o qədər darıxırdım ki, heç bir musiqi təhsilim olmaya-olmaya mahnılar yazmağa başladım. Elə belə sintezator alıb nəğmə qoşmağa başladım”.

Yaroslav Semyonov vətəndaşı olduğu Rusiyada, eləcə də başqa ölkələrdə Azərbaycanı və onun mədəniyyətini təmənnasız təbliğ edir.

72 yaşı olsa da, o, özünü gümrah hiss edir. Rusiyada, hazırda yaşadığı Petrozavodsk şəhərində tez-tez konsertlər verən Yaroslav bunu vətəninə olan məhəbbəti və tamaşaçıları öz mahnıları ilə sevindirməkdən xoşbəxt olması ilə izah edir.

Məhz bu səbəbdən o, Azərbaycanla bağlı 50-dən çox mahnı bəstələyib. Onlardan 40-a yaxını doğma Sumqayıta həsr olunub. Bu isə bir şəhər haqqında bəstələnən mahnıların sayına görə onun “Ginnesin Rekordlar Kitabı”na düşə biləcəyi fikrini gündəmə gətirir.

2025-ci ildə “Rossiya 1” telekanalında yayımlanan məşhur televiziya aparıcısı Andrey Malaxovun “Pesni ot vsey duşi” proqramında iştirakı Yaroslav Semyonovun daha da populyarlaşmasına səbəb olub.

“Калейдоскоп талантов”( İstedadlar kaleydoskopu) layihəsi tərəfindən təşkil olunan tədbirdə sənətçinin yaradıcılıq fəaliyyəti, həyat yolu və ifa etdiyi məşhur mahnılar haqqında məlumat verilib. Gecə ərzində Yaroslav Semyonovun klipləri nümayiş olunub, müsahibələrindən parçalar göstərilib.

Müğənni Yaroslav Semyonovun ifasında Azərbaycan bəstəkarları Oqtay Kazımi və Polad Bülbüloğlunun “Ey həyat, sən nə qəribəsən” və “Gəl, ey səhər” mahnıları Azərbaycan və rus dillərində səsləndirilib.

Bundan başqa, o, məşhur “Yalla” qrupunun “Uç kuduk”, “Çayxana” mahnılarını, gürcü mahnısını, Müslüm Maqomayevin və rus müəlliflərinin populyar əsərlərini də ifa edib.

Onun çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə həmçinin “Калейдоскоп талантов” layihəsinin rəhbəri Səbinə xanım tərəfindən qonaqlar üçün müxtəlif müsabiqələr, hədiyyələr və əyləncəli proqramlar təşkil olunub.

Gecənin xüsusi sürprizlərindən biri isə milli “Yallı” rəqsi olub. Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri tərəfindən ifa olunan rəqs tədbir iştirakçılarını bir araya gətirib.

Təşkilatçıların sözlərinə görə, tədbir yüksək əhval-ruhiyyədə keçib və Yaroslav Semyonov yeni pərəstişkarlar qazanıb.

Tədbirdə Yaroslav Semyonovun dostu, ondan ilk müsahibə götürən və onun fəaliyyətini mətbuatda işıqlandıran jurnalist İmran Kərimli çıxış edərək müğənninin Azərbaycana ilk gəlişi,onunla tanışlığından və  onun tanınmasının tarixçəsindən danışıb.

Yaroslav Semyonov pozitiv enerjisi, yumoru və səhnə davranışı ilə tamaşaçılara xoş ovqat bəxş edib.

Tədbirin sonunda iştirakçılar çoxsaylı xatirə şəkilləri çəkdirib və tədbirin təşkilatçısı “Калейдоскоп талантов” layihəsinin rəhbəri Səbinə xanıma, onun komandasına və Yaroslav Semyonova belə maraqlı tədbirə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “İstedadlar kaleydoskopu”layihəsi yaradıcı insanlar üçün müxtəlif tədbirlər təşkil edir.

Layihə çərçivəsində təqdimatlar, yaradıcılıq gecələri, tur-səfərlər və ekskursiyalar, eləcə də ustad dərsləri keçirilir.

Layihənin əsas məqsədi istedadlı və yaradıcı insanların üzə çıxarılması, onların fəaliyyətinin geniş auditoriyaya tanıdılması, yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.

“Калейдоскоп талантов”( İstedadlar kaleydoskopu) layihəsi sosial şəbəkələrdə :

https://www.youtube.com/@IRIS-Baku

Qeyd edək ki, “İstedadlar kaleydoskopu” (“Калейдоскоп талантов”) layihəsi öz fəaliyyətini sosial şəbəkələrdə də təqdim edir. Layihənin təşkil etdiyi tədbirlər, yaradıcılıq gecələri, maraqlı görüşlər və digər yeniliklər barədə məlumatları YouTube, Instagram və TikTok platformalarında izləmək mümkündür.

https://www.youtube.com/@IRIS-Baku

https://www.instagram.com/kaleydoscope_s?utm_source=qr&stkn=MTVlNHFidjZ3bjYyMQ%3D%3D

https://www.tiktok.com/@kaleydoscope_s?_r=1&_t=ZS-9AFPLUQNp1Y