Azərbaycan Ssenaristlər Gildiyasının yeni “25-ci kadr” platformasında “Qızıl Ayı” mükafatlı film təhlil olunub

Azərbaycan Ssenaristlər Gildiyasının yeni “25-ci kadr” platformasında “Qızıl Ayı” mükafatlı film təhlil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 14-də Azərbaycan Ssenaristlər Gildiyasının təşəbbüsü ilə yaradılan “25-ci kadr” film müzakirə platformasının ilk görüşü baş tutub.

Tribuna.az xəbər verir ki, layihənin əsas məqsədi kino ictimaiyyətini bir araya gətirməklə peşəkar film müzakirəsi ənənəsini formalaşdırmaq, xüsusilə gənc müəllif və ssenaristlərə ekran əsərlərini dramaturji baxımdan təhlil etmək yollarını öyrətmək, həmçinin onların auditoriya qarşısında öz fikirlərini sərbəst və arqumentli şəkildə ifadə etmə bacarıqlarını inkişaf etdirməkdir.

Qanun Nəşriyyatında təşkil olunan ilk görüşdə 2026-cı il Berlin Beynəlxalq Film Festivalında “Qızıl Ayı” mükafatına layiq görülmüş rejissor İlker Çatakın “Sarı Məktublar” (“Gelbe Briefe”) bədii filminin peşəkar təhlili aparılıb. Almaniya, Fransa və Türkiyənin müştərək istehsalı olan bu ekran əsəri Ankarada yaşayan sənətçi cütlük — Derya və Azizin teatr premyerasından sonra üzləşdikləri siyasi təzyiqlərdən, işlərini itirmələrindən və yeni həyat qurmaq məcburiyyətində qalmalarından bəhs edir.

Tədbirin xüsusi qonaqları — kinorejissor və ssenarist Samir Kərimoğlu, kinotənqidçi və kinoşünas Aygün Aslanlı, kinorejissor və prodüser Fariz Əhmədov, eləcə də teatr və kino aktrisası Zülfiyyə Qurbanova filmin dramaturji strukturu, ssenari həlləri, obrazların qurulması, ailə və fərd arasındakı konflikt və müasir kinoda sosial-siyasi reallıqların bədii əksi mövzularında öz peşəkar fikirlərini bölüşüblər.

İnteraktiv müzakirə formatında davam edən görüşdə kino ictimaiyyətinin nümayəndələri, gənc ssenaristlər və kino həvəskarları yaxından iştirak edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda Azərbaycan Ssenaristlər Gildiyası dəvəti qəbul edən spikerlərə, görüşün təşkilində göstərdiyi dəstəyə görə Qanun Nəşriyyatına, təşkilatçılığa görə layihənin prodüseri Azər Həsənova və gecəni lentə alan fotoqraf Aynur Kazımovaya təşəkkürünü bildirib.

Qeyd edək ki, “25-ci kadr” platforması çərçivəsində film müzakirələri mütəmadi olaraq təşkil olunacaq.

Dəniz Pənahova