Dekabr ayında Sumqayıtda kitabsevərlər üçün üçgünlük sərgi təşkil olunacaq. Tədbirdə oxucular, yazıçılar, nəşriyyatlar və kitab dünyasının digər nümayəndələri bir araya gələcəklər.
Tribuna.az xəbər verir ki, VI Sumqayıt Kitab Sərgisi dekabrın 4-dən 6-dək Kimyaçı Mədəniyyət Sarayında keçiriləcək.
Sərgi çərçivəsində ziyarətçilər müxtəlif nəşrlərlə tanış olmaq, yeni kitablar kəşf etmək, sevimli müəllifləri ilə görüşmək imkanı əldə edəcəklər. Tədbirin əsas məqsədi kitab mütaliəsini təşviq etmək, nəşriyyatlarla oxucular arasında əlaqələri gücləndirmək və şəhərdə kitab mühitini canlandırmaqdır.
Sərgi Azərbaycan Nəşriyyatlar Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutacaq.
Tədbirin baş sponsoru bp və tərəfdaşları, sponsoru isə “Sufle Şirniyyat Evi”dir.
Sərgi hər üç gün saat 10:00-dan 19:00-dək ziyarətçilər üçün açıq olacaq.
Sərginin keçirilmə vaxtı və ünvanı:
Tarix: 4–6 dekabr 2026-cı il
Saat: 10:00–19:00
Ünvan: Sumqayıt şəhəri, Kimyaçı Mədəniyyət Sarayı









