Bu gün əksər kanallarda verilişlərin bağlanması və ya hansısa aparıcının efirdən uzaqlaşdırılması, heç bir islahat, yenilik, dəyişiklik deyil.
Bu sözləri Tribuna.az-a professor Qulu Məhərrəmli deyib.
Professorun fikrincə, dəyişiklik və yaradıcı uğur o zaman olur ki, televiziya kanalı hansısa yeni layihə ilə çıxış edir, auditoriyanı maraqlandıran verilişlər təqdim edir, tamaşaçı auditoriyasını genişləndirir, özünün piarını yüksək səviyyədə təqdim edə bilir:

“İndi audiovizual əsrdə yaşayırıq, üstəlik sosial şəbəkələr var, alternativ kanallar yaranır hər gün. Bunlar hamısı yaradıcılıq işini kifayət qədər həssaslaşdırır, telejurnalistlər, ssenaristlər, televiziya rəhbərləri qarşısında vəzifələr qoyur. Çünki rəqabətdən keçmək, qalib, üstün olmaq bilik, bacarıq, məharət tələb edir.
Söhbət keyfiyyətli verilişlərin sayını artırmaqdan gedir. Auditoriyanı ələ ala bilən, zövq formalaşdıran, faydalı ola bilən layihələr olmalıdır. Məncə, bizim televiziyaların potensialı buna çatır və gələcəkdə o cür layihələrlə tamaşaçı qarşısına çıxa biləcəklər”.
Q.Məhərrəmli əlavə edib ki, bağlanan verilişlərin yenidən efirə qayıtması mümkündür:
“O verilişlərin başqa adla, başqa formatla, yenilənmiş formada efirə qayıtması mümkündür. Dünya təcrübəsində də belə nümunələr var. Məşhur bir misal var – ən yaxşı yenilik, unudulmuş köhnəlikdir. Belə verilişlərin cilalanıb yenidən ekrana gətirilməsi nümunələri olub. Ancaq inanmıram ki, o da böyük uğur gətirə bilər televiziyalara. Ancaq indi əsas vəzifə yaradıcılıq işlərini dərinləşdirmək və tamaşaçılara yeni layihələr təqdim etməkdir”.
Nigar İxtiyarqızı









