Windows 11-in yanvar ayı yeniləməsində çoxsaylı xətalar aşkar edilib.
Tribuna.az xəbər verir ki, bu barədə Windows Latest nəşri məlumat yayıb.
İlin əvvəlində şirkət əməliyyat sistemi üçün KB5074109 yeniləməsini buraxıb. Media redaktoru Mayank Parmar yeniləməni çoxlu sayda səhvlərə görə “fəlakətli və kabusvari” adlandırıb. Microsoft problemlərin bir hissəsini etiraf edib və onların aradan qaldırılacağına söz verib.
Jurnalistin sözlərinə görə, yeniləmə yaxın zamanda yayımlansa da, Microsoft artıq üç əsas xətanı təsdiqləyib. Bunlara daxili Outlook poçt xidmətinin sıradan çıxması, kompüterin düzgün söndürülməsinə mane olan yuxu rejimi problemləri, eləcə də Citrix Director funksiyasındakı nasazlıq daxildir.
Parmar bildirib ki, xətaların çoxluğu ciddi narahatlıq doğurur.
“İstifadəçilər KB5074109 yeniləməsini quraşdırdıqdan sonra yaşadıqları kabusvari təcrübələri bizimlə bölüşmək üçün daim bizə müraciət edirlər”, — deyə o qeyd edib.
Problemlərin daha da kəskinləşməsi yanvar yeniləməsinin məcburi olması ilə əlaqədardır.
Ehtimal olunur ki, xətaların bir hissəsi 10 fevral 2026-cı ildə çıxması gözlənilən növbəti yeniləmədə aradan qaldırılacaq.
İmran Kərimli









