Əhməd Əlizadə öldürülən Ceyhunun dostu olub – deputatın oğlunun da qarışdığı cinayət işi

Əhməd Əlizadə öldürülən Ceyhunun dostu olub – deputatın oğlunun da qarışdığı cinayət işi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xətai rayonunda bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə bağlı yeni məlumatlar üzə çıxıb. Hadisədə deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də adının hallanması, bəzi saytlarda isə onun qətli törətməsi barədə iddiaların yayılması ciddi müzakirələr yaradıb.

Tribuna.az xəbər verir ki,  Musavat.com hadisənin gedişi və Əhməd Əlizadənin insidentdəki rolu barədə məlumatlı mənbələrdən bir sıra mühüm detallar əldə edib. Mənbələrin bildirdiyinə görə, Əhməd Əlizadə qətli törədən şəxs deyil, əksinə, öldürülən Ceyhunun yaxın dostu olub və mübahisədə onun tərəfində yer alıb.

Xatırladaq ki, oktyabrın 23-də Xətai rayonunun General Əliağa Şıxlinski küçəsində yerləşən, xəbərlərdə “Ab-Hava” və “Abu Hava Green Tone” adları ilə göstərilən iaşə obyektində mübahisə baş verib. Mübahisə kütləvi davaya çevrilib, bıçaqlı hücum nəticəsində Ceyhun adlı şəxs həyatını itirib. Hadisə ilə bağlı görüntülər də yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin mediaya verdiyi məlumata əsasən, insidentin 9 iştirakçısı polis tərəfindən müəyyən edilərək saxlanılıb. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci — qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Hadisədən sonra bəzi media qurumları Əhməd Əlizadənin saxlanılması barədə xəbər yayıb. Ayrı-ayrı nəşrlərdə isə onun qətli törətməsi iddiası irəli sürülüb. Lakin əldə olan DİN-in rəsmi açıqlamasında qətli törətməkdə şübhəli bilinən şəxsin adı göstərilmir.

Musavat.com-un əldə etdiyi məlumatlar isə hadisənin fərqli mənzərəsini ortaya qoyur.

Redaksiyanın məlumatlı mənbələrinin bildirdiyinə görə, Ceyhuna ölümcül hücum edilən vaxt Əhməd Əlizadə restoranın ayrıca kabinetində olub. Onun və dostlarının həmin otaqdan çıxmasına qarşı tərəfdən olan şəxslər tapança ilə hədələyərək mane olublar.
Əldə edilmiş dəqiq məlumata görə dalaşan tərəflər əvvəldən hüsumətli olublar, restorana isə aralarındakı düşmənçiliyi bitirmək və barışmaq üçün toplaşıblar. Bir yerə qədər hər şey normal gedirmiş. Lakin sona doğru sözlü çəkişmələr başlayıb. Yekunda isə məsələ əlbəyaxa dava və qətl törədilməsinə qədər gəlib çıxıb.

Mötəbər mənbələrin məlumatına əsasən, Ceyhun tərəfdən danışıqda (“razborka”da) iştirak edən Əhməd Əlizadə və yanındakı şəxslər tapança ilə hədələnərək kabinetdə saxlanılıblar. Bununla da onların çölə çıxmaq və Ceyhuna kömək etmək imkanları məhdudlaşdırılıb. Onlar kabinetdən çıxa bildikdə isə ölümcül hücum artıq baş vermişdi.

Redaksiyaya məlumat verən mənbələr hadisənin bu ardıcıllığının videoyazılarda da əks olunduğunu bildirirlər. Onların sözlərinə görə, görüntülər Əhməd Əlizadənin qətli törədən tərəfdə deyil, hücuma məruz qalan şəxsin yanında olduğunu müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Digər mühüm detal Əhməd Əlizadənin istintaq orqanına özünün getməsi ilə bağlıdır.

Musavat.com-un əldə etdiyi məlumata görə, o, hadisədən sonra könüllü olaraq Xətai Rayon Prokurorluğuna gedib və baş verənlərlə bağlı geniş ifadə verib. Mənbələr onun iş üzrə şahid qismində dindirildiyini bildirirlər.

Eyni mənbələrin sözlərinə görə, hadisədə iştirak etmiş hər iki tərəfdən şəxslər, o cümlədən Əhməd Əlizadə hazırda polis idarəsindədirlər və araşdırma davam edir. Bununla belə, Əhməd Əlizadənin konkret prosessual statusu barədə ayrıca rəsmi açıqlama əldə olunmayıb.

Redaksiyanın qaynaqları əsas məqamı vurğulayırlar: onların məlumatına görə, Əhməd Əlizadə Ceyhunu qətlə yetirməyib; mərhumun yaxın dostu olub və hadisə zamanı ona kömək etmək imkanından silah hədəsi ilə məhrum edilib.

Silahla hədələmə, kabinetdən çıxışın qarşısının alınması və ölümcül hücumun dəqiq ardıcıllığı barədə bu məlumatlara hüquq-mühafizə orqanlarının ayrıca rəsmi münasibəti hələ məlum deyil.

Əlavə məlumat veriləcək.