Ukrayna Rusiya ilə iki aydan çox davam edən fasilədən sonra növbəti hərbi əsir mübadiləsini həyata keçirib. Mübadilə nəticəsində 270 nəfər Ukraynaya qaytarılıb.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, azad edilənlər arasında Milli Qvardiya, sərhəd xidməti, ərazi müdafiə qüvvələri, Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları və desant-hücum bölmələrinin hərbçiləri var. Həmçinin 9 mülki şəxs də əsirlikdən azad edilərək vətənə qayıdıb.
Ukrayna tərəfinin məlumatına əsasən, azad edilənlərin əksəriyyəti 2022-ci ildən əsirlikdə olub və Mariupolun müdafiəsində iştirak edib. Onların arasında Donetsk, Luqansk, Xarkov, Zaporojye, Xerson, Kiyev, Nikolayev və Çerniqov istiqamətlərində döyüşmüş hərbçilər də var.
Ukraynanın Əsirlərlə İş üzrə Koordinasiya Qərargahının açıqlamasına görə, geri qaytarılan 270 nəfərdən 261-i hərbçi, 9-u isə mülki şəxsdir. Onların arasında 38 zabit var. Bəzi hərbçilərin 2018 və 2020-ci illərdə əsir götürüldüyü bildirilir.
Zelenski azad edilənlər arasında 2022-ci ilin iyulunda Olenivkada baş vermiş hadisə zamanı həlak olduğu hesab edilən beş hərbçinin də olduğunu qeyd edib.
Qayıdan şəxslər tibbi müayinədən keçiriləcək, müalicə və reabilitasiya alacaq, həmçinin cəmiyyətə yenidən uyğunlaşmaları üçün lazımi dəstəklə təmin olunacaqlar.
İmran Kərimli









