“Bank VTB (Azərbaycan)” manatla müddətli əmanətlərin faiz dərəcələrini aşağı salaraq müştərilərə təklif etdiyi gəlirliliyi azaldıb. Yeni tariflərə əsasən, bankda depozit yerləşdirən şəxslər əvvəlki şərtlərlə müqayisədə daha az faiz gəliri əldə edəcəklər.
Tribuna.az-ın əldə etdiyi məlumata görə, manatla əmanətlər üzrə maksimal illik gəlirlilik 11,5%-dən 10,5%-ə endirilib. Beləliklə, ən yüksək faiz dərəcəsi 1 faiz bəndi azaldılıb.
Azalma xüsusilə 6, 9 və 12 aylıq əmanətlərə təsir edib. Faizlərin müddətin sonunda ödənilməsi şərti ilə 6 və 9 aylıq depozitlərin illik gəlirliliyi 9%-dən 8%-ə, 12 aylıq əmanətlərin gəlirliliyi isə 11%-dən 10%-ə düşüb.
Bank daha uzunmüddətli əmanətlərin faizlərini də aşağı salıb. Belə ki, 18 aylıq depozitlər üzrə illik gəlirlilik 11,25%-dən 10,5%-ə endirilib. İki və üçillik əmanətlərdə isə faizlər 11%-dən 10%-ə azaldılıb.
Faiz gəlirlərini hər ay götürən müştərilər də dəyişiklikdən təsirləniblər. Bu kateqoriyada 6 və 9 aylıq depozitlər üzrə illik faizlər 8,5%-dən 7,5%-ə, 12 aylıq əmanətlər üzrə 10,5%-dən 9,5%-ə salınıb.
Eyni zamanda, 18 aylıq əmanətlər üzrə faizlər 11%-dən 10%-ə, 24 və 36 aylıq depozitlər üzrə isə 10,5%-dən 9,5%-ə endirilib.
Nəticədə bankın manatla müddətli əmanətlərinin əksəriyyətində illik gəlirlilik 1 faiz bəndi azalıb. Bu isə eyni məbləğdə vəsait yerləşdirən müştərilərin əvvəlki tariflərlə müqayisədə daha az faiz gəliri qazanması deməkdir.
Yeni tariflərdə üçaylıq manat əmanətləri üzrə illik faiz dərəcəsi aylıq ödəniş şərti ilə 6%, müddətin sonunda ödəniş şərti ilə 6,5% müəyyənləşdirilib.
Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” 1993-cü ildə yaradılıb. Bankın səhmlərinin 99,99%-i Rusiyanın VTB Bankına, 0,01%-i isə Adıgözəl Ağayevə məxsusdur.
Fərda Uğur









