Rusiya və Ukrayna arasında sülh danışıqları bərpa oluna bilər

Rusiya və Ukrayna arasında sülh danışıqları bərpa oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin müharibənin dayandırılması ilə bağlı danışıqları noyabrın ilk yarısında bərpa etməsi planlaşdırılır. Görüşün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi nəzərdə tutulur.

Tribuna.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya və Ukrayna tərəflərinin açıqlamalarında məlumat verilib.

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 23-də bildirib ki, üç ölkənin nümayəndələri noyabrın ilk yarısında texniki səviyyədə görüş keçirməyi planlaşdırırlar. Onun sözlərinə görə, danışıqların mümkün qədər tez başlanması vacibdir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da görüşün noyabrın ilk yarısında Əbu-Dabidə keçirilməsinin planlaşdırıldığını açıqlayıb. Kremlin məlumatına görə, müzakirələrin əsas istiqamətlərindən biri münaqişə başa çatdıqdan sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi olacaq.

Bununla belə, tərəflər arasında ciddi fikir ayrılıqları qalır. Moskva Ukraynanın əraziləri və gələcək təhlükəsizlik siyasəti ilə bağlı tələblər irəli sürür. Kiyev isə ərazi güzəştlərini qəbul etmir və mümkün sülh razılaşmasının etibarlı təhlükəsizlik təminatları ilə müşayiət olunmasını istəyir.

Zelenski danışıqlarda Avropa ölkələrinin də iştirakının vacibliyini vurğulayıb. O, texniki səviyyədə görüşdən sonra dövlət başçıları arasında sammitin keçirilməsinə ümid etdiyini bildirib.

Qeyd edək ki, bu ilin əvvəlində ABŞ vasitəçiliyi ilə keçirilən əvvəlki danışıqlar ciddi irəliləyişlə nəticələnməyib. Noyabr görüşünün müharibənin dayandırılmasına gətirib çıxarıb-çıxarmayacağı isə hələlik məlum deyil.

İmran Kərimli