Zelenski müharibəni indiki cəbhə xəttində dondurmağa hazırdır

Zelenski müharibəni indiki cəbhə xəttində dondurmağa hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəni mümkün qədər tez dayandırmağa və münaqişəni hazırkı cəbhə xətti boyunca dondurmağa hazır olduğunu bildirib. Bununla belə, Kiyev müvəqqəti işğal olunmuş ərazilərin Rusiya ərazisi kimi tanınmasına razı deyil.

Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski bu barədə ABŞ-ın “ABC News” telekanalına müsahibəsində danışıb.

“Bəli, biz bu müharibəni mümkün qədər tez dayandırmağa hazırıq. Münaqişəni elə indi cəbhə xətti boyunca dondurmağa hazırıq”, – deyə Ukrayna lideri bildirib.

Ukraynanın ərazisinin 25 faizindən imtina etməyə hazır olub-olmadığı barədə suala cavab verən Zelenski bunun mümkün olmadığını vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın nəzarətində hazırda Ukrayna ərazisinin 19,3 faizi var.

Prezident qeyd edib ki, ərazilərin 25 faizindən imtina etmək Donbasın tamamilə Rusiyanın nəzarətinə keçməsi demək olardı.

Zelenski eyni zamanda müvəqqəti işğal olunmuş ərazilərin Rusiya ərazisi kimi tanınması təklifini qəbul etməyəcəklərini bildirib.

O, müsahibəsində Ukraynanın son 90 gündə strateji tərəfdaşından 24 “Patriot” raketi aldığını da açıqlayıb.

İmran Kərimli