Elektromobillərin yolda hərəkət edərkən simsiz şəkildə enerji yığmasına imkan verəcək yeni texnologiya hazırlanıb.
Tribuna.az-ın məlumatına görə, Yaponiyanın Honda şirkəti elektrik avtomobillərini, o cümlədən iri yük maşınlarını hərəkət zamanı enerji ilə təmin edə bilən sistem hazırlayıb.
Texnologiyanın əsas xüsusiyyəti elektrik enerjisini yolun içərisinə yerləşdirilən xüsusi qurğular vasitəsilə avtomobilə simsiz ötürməkdir. Beləliklə, avtomobil hərəkətdə olarkən enerji yığa biləcək.
Honda bu sistemi tikinti şirkəti Taisei və yol infrastrukturu şirkəti Taisei Rotec ilə birlikdə hazırlayıb. Şirkətlər texnologiyanı 2027-ci maliyyə ilindən etibarən Yaponiyanın ictimai yollarından birində sınaqdan keçirməyi planlaşdırır.
Yeni sistem xüsusilə uzun məsafə qət edən elektrik yük maşınları üçün əhəmiyyətli ola bilər. Çünki belə avtomobillərin şarj məntəqələrində dayanma müddətini azaltmaq və daşımaların fasiləsizliyini artırmaq mümkündür.
Honda bildirir ki, sistemin gələcək versiyalarında yüksək sürətlə hərəkət edən avtomobillərə 150 kilovata qədər enerji ötürülməsi imkanının yoxlanılması planlaşdırılır.
Bununla belə, texnologiyanın geniş tətbiqi üçün yolların xüsusi avadanlıqla təchiz edilməsi və iqtisadi səmərəliliyin qiymətləndirilməsi lazımdır.
Əgər layihə uğurlu alınarsa, gələcəkdə elektromobil sürücüləri uzun səfərlər zamanı şarj məntəqəsində dayanmaq əvəzinə avtomobili yolun özündə enerji ilə təmin edə bilərlər.
İmran Kərimli











