Mobil nömrənizi dəyişərkən DİQQƏTLİ OLUN! – XƏBƏRDARLIQ

Mobil nömrənizi dəyişərkən DİQQƏTLİ OLUN! – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstifadə olunmayan nömrələrin yenidən dövriyyəyə buraxılması ilə bağlı vahid təhlükəsizlik standartlarına ehtiyac var”.

Tribuna.az  xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev Milli Məclisin bugünkü iclasında mobil nömrələrin yenidən istifadəyə verilməsi ilə bağlı çıxışında səsləndirilib.

Deputat diqqətə çatdırıb ki, mobil nömrələr bu gün təkcə danışıq və SMS üçün deyil, həm də bank hesablarına, sosial şəbəkələrə, elektron poçta və dövlət xidmətlərinə giriş üçün istifadə olunur. Bir çox hallarda nömrə hesabların təsdiqi və bərpası üçün əsas vasitələrdən birinə çevrilir.

“Problem ondadır ki, vətəndaşın istifadə etmədiyi nömrə müəyyən müddətdən sonra ləğv edilərək başqa abonentə verilə bilər. Əgər əvvəlki istifadəçi həmin nömrəni bank, elektron poçt və sosial şəbəkə hesablarından ayırmayıbsa, yeni abonent ona ünvanlanan təsdiq mesajları və digər məlumatlarla qarşılaşa bilər. Bu isə şəxsi məlumatların qorunması və hesabların təhlükəsizliyi baxımından risk yaradır”.

Razi Nurullayev mobil operatorların fəaliyyətinin məhdudlaşdırılmasını təklif etmədiyini vurğulayaraq, mövcud qaydaların rəqəmsal həyatın tələblərinə uyğunlaşdırılmasının vacibliyini qeyd edib:

“Təklifə əsasən, nömrə yeni abonentə verilməzdən əvvəl müəyyən karantin müddəti tətbiq oluna, yüksək riskli xidmətlərlə əlaqələndirilmiş nömrələr üçün əlavə təhlükəsizlik mexanizmləri yaradıla bilər. Bununla yanaşı, mobil operatorlar, banklar, elektron xidmətlər və sosial platformalar arasında nömrə dəyişdirildikdə hesabların təhlükəsizliyinin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi də məqsədəuyğun hesab olunur”.