Bakıda “Vital Hospital” kimi tanınan “Sağlamlıq və Gözəllik Mərkəzi” MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb.
Tribuna.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonra isə baş tibb bacısı vəzifəsində çalışdığı müəyyən edilib.
Məhkəmə materiallarına əsasən, D.Bünyadzadə küçəsi 1, ev 56 ünvanında yerləşən klinikada Mirhüseynova Namilə Sahib qızı 2019-cu ildən 2026-cı ilədək tibb bacısı və baş tibb bacısı vəzifələrində işləyib. Lakin onun sertifikasiya şəhadətnaməsi yalnız laborant ixtisası üzrə olub.
Yoxlama zamanı bu hal qanun pozuntusu kimi qiymətləndirilib. Araşdırma nəticəsində müəyyən edilib ki, klinikanın rəhbərliyi Namilə Mirhüseynovanın laborant ixtisası üzrə sertifikatının olduğunu bilsə də, onun baş tibb bacısı kimi fəaliyyət göstərməsinə şərait yaradıb.
Klinikanın direktoru və təsisçisi izahatında Namilə Mirhüseynovanın ixtisasını bildiyini və onun baş tibb bacısı vəzifəsində çalışmasına icazə verdiyini təsdiqləyib. Bununla belə, laborant sertifikatı olan şəxsin tibb bacısı kimi fəaliyyət göstərməsinə hüquq verən hər hansı sənəd təqdim edilməyib.
Bakı şəhəri Yasamal Rayon Məhkəməsi “Sağlamlıq və Gözəllik Mərkəzi” MMC-ni İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilərək 6000 manat cərimələyib. Şirkətin direktoru barəsində isə 800 manat cərimə tətbiq edilib.
MMC-nin vəkili qərardan apellyasiya şikayəti verərək cərimələrin ləğvini və iş üzrə icraata xitam verilməsini istəyib. Müdafiə tərəfi Namilə Mirhüseynovanın konkret olaraq hansı tibbi fəaliyyətləri həyata keçirdiyinin və bu fəaliyyətlərin hansı ixtisas sertifikatını tələb etdiyinin məhkəmə qərarında kifayət qədər əsaslandırılmadığını bildirib.
Lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayıb. Beləliklə, klinikanı idarə edən MMC-yə və direktoruna tətbiq edilmiş ümumilikdə 6800 manat cərimə qüvvədə qalıb.
Qeyd edək ki, “Vital Hospital” kimi tanınan “Sağlamlıq və Gözəllik Mərkəzi” MMC-nin direktoru və qanuni təmsilçisi Afaq Məcidovadır.










