Tribuna.az Reuters agentliyinə istinadən xəbər verir ki, Ukraynanın Rusiyanın neft emalı zavodlarına qarşı həyata keçirdiyi dron hücumları ölkənin neft emalı gücünü təxminən 30 faiz azaldıb.
Məlumata görə, oktyabrın sonlarından etibarən intensivləşən hücumlar son bir həftə ərzində Rusiyanın 35 əsas neft emalı zavodundan 9-nun fəaliyyətinə təsir göstərib. Hücumlara məruz qalan müəssisələrin ümumi gündəlik emal gücü təxminən 300 min ton, yaxud 2,2 milyon barel təşkil edir.
Sənaye mənbələrinin hesablamalarına əsasən, Rusiyada faktiki neft emalı həcmi gündəlik 200 min tona qədər azala bilər. Oktyabrın sonunda ölkənin neft emalı zavodlarında gündə təxminən 700 min ton xam neft emal edilirdi.
Hücumların hədəfində Ryazan, Yaroslavl və Volqa bölgəsindəki zavodlar da olub. Noyabrın 9-da isə Rusiyanın ikinci ən böyük neft emalı müəssisəsi hesab edilən Kirishi zavoduna dron hücumu nəticəsində yanğın baş verib.
Neft emalı müəssisələrinin fəaliyyətindəki fasilələr Rusiyada daxili yanacaq təminatını daha da çətinləşdirir. Bu vəziyyət Moskvanın yanacaq çatışmazlığı ilə mübarizəsinə əlavə təzyiq yaradır.
Fərda Uğur









