Ərdoğanın Bakı səfəri: Ankara ilə Bakı arasında buzlar əriyəcəkmi?

Ərdoğanın Bakı səfəri: Ankara ilə Bakı arasında buzlar əriyəcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Türkiyə münasibətlərinin gündəmə gəldiyi, iki ölkə arasında mümkün fikir ayrılıqları ilə bağlı müzakirələrin artdığı bir vaxtda Rəcəb Tayyib Ərdoğanın Bakıya səfər edəcəyi açıqlanıb. Türkiyə Prezidenti noyabrın 8-də Azərbaycanın Zəfər Günü tədbirlərində iştirak etmək üçün paytaxta gəlməyi planlaşdırır. O, bu barədə Cənubi Koreyadan qayıdarkən jurnalistlərə danışıb. Ərdoğan Azərbaycanla münasibətlərin ortaq tarix, mədəniyyət və qardaşlıq bağlarına söykəndiyini vurğulayıb, Bakı səfəri zamanı zəruri addımların atılacağına ümid etdiyini bildirib.

Bəs hazırkı regional və siyasi şəraitdə bu səfər hansı diplomatik əhəmiyyət daşıyır? Ərdoğanın Bakıya gəlişi iki ölkə arasında müzakirə olunan fikir ayrılıqlarının aradan qaldırılması üçün yeni imkanlar yarada bilərmi?

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib:

“Son vaxtlar Azərbaycanla münasibətlərdə həllini gözləyən bir sıra məsələlərə aydınlığın gətirilməsi, Türkiyə prezidenti Ərdoğanın Bakıda Zəfər bayramı günlərində Azərbaycan prezidenti İlham Əliyevlə aparacağı danışıqlarda əsas müzakirə predmeti olacağı gözlənilir”.

Politoloqun sözlərinə görə, Azərbaycan və Türkiyə qardaş dövlətlərdir və onların arasındakı münasibətlər bir qayda olaraq strateji müttəfiqlik ampluasında olub. Son vaxtlar regionda və ümumən dünyada yaşanan hadisələrə münasibətdə ortaq və qarşılıqlı maraqlara, mövqe və baxışlara aydınlığın gətirilməsi, regional və milli təhlükəsizlik maraqları konteksində ciddi əhəmiyyət kəsb edir.

Elşən Manafov əlavə edib ki, regionun, habelə Yaxın Şərqin geosiyasi anlamda perspektiv arxitekturası ətrafında regional və beynəlxalq güclər arasında ciddi müzakirələrin getdiyi, maraqların toqquşduğu bir şəraitdə rəsmi Ankara və Bakı arasında da müzakirələrə ciddi ehtiyac və zərurət yaranıb.

Siyasətçi qeyd edib ki, strateji müttəfiq dövlətlər arasında münasibətlərdə qarşılıqlı inam və etimad regionun təhlükəsizlik arxitekturasının yenidən biçilməsində maraqlı olan qlobalist dairələri düşündürdüyündən, onlar müxtəlif təzyiq və təhdid, müdaxilə vasitələri ilə bu iki qardaş dövlət arasında münasibətlərin etimad divarında çatın yaranmasına və dərinləşməsinə səylərini gücləndiriblər. Hər iki tərəfdə hakim siyasi elitanın daxilinə sızdırılan informasiya ilə bəlli dairələr beynəlxalq sionizmin təhriki ilə strateji müttəfiqlik münasibətlərində olan dövlətlərin rəsmilərini qarşı-qarşıya qoymaq, “stəkanda fırtına effekti” ilə Yaxın Şərq üçün cızılmış layihənin həyata keçirilməsi üçün onların müdafiə və müqavimət imkanlarını məhdudlaşdırmaq istəyirlər.

Politoloq vurğulayıb ki, Azərbaycan hökumətinin ümumtəhsil məktəblərində vahid məktəbli geyiminin tətbiqi ilə bağlı məlum qərarına Türkiyənin iqtidar mənsublarının gözlənilməyən açıqlamaları əslində aysberqin görünən tərəfi idi. Gerçək səbəb isə Türkiyədə dərin dövlətçiliyə nüfuz edə bilmiş dairələrin Ankaranın rəsmi Bakı ilə münasibətlərini bilərəkdən qlobalist mərkəzlərin maraqları müstəvisi üzərinə keçirməkdən ibarət olmuşdur.

“Etiraf etmək lazımdır ki,” zəhərli oxun yaydan çıxması” ilə onlar bu istəklərinə yaxın bir məsafəyə qədər yolu arxada qoya bildilər. Zira, Azərbaycanda hakim partiyanın diplomatitanın bütün etiket normaları gözlənilməklə, adekvat cavabı bunun bariz göstəricisi idi. Rəsmi Bakı Ankaraya ünvanlanmış ismarıclarında dövlətlər arası münasibətlərin etnik deyil, daha çox dövlət maraqları çərçivəsində olduğunu xatırlatmaqla özünü “böyuk qardaş kimi” aparmaq istəyən tərəfə qırmızı xətti keçməməyi tövsiyyə etdi və beynəlxalq hüquq konteksində bu qərar təmamilə haqqa, ədalətə söykənən bir qərar idi. Türkiyədə hakim partiya rəsmiləri dövlətlərin bir-birilərinin daxili işlərinə qarışmamaq kimi fundamental prinsipinə sayqısızlıq nümayiş etdirmişdilər.
Türk Dövlətlərinin Əməkdaşlıq Təşkilatının bir müddət əvvəl Ankarada keçirilən yüksək toplantısına Azərbaycan prezidentinin qatılmaması isə göstərdi ki, qardaş dövlətlər arasında inam və etimad körpüsünün əsaslı şəkildə möhkəmləndirilməsi üçün ciddi zərurət var. Və bu iş təxirəsalınmadan görülməlidir. Əvvəla, ona görə ki, TDƏT onun ərsəyə gəlməsində müstəsna xidmətləri olan Azərbaycan prezidenti İlham Əliyevin təşkilatın tədbirlərində birbaşa iştirakı olmadan taleyüklü qərarlar qəbul etməkdə çətinlik çəkir. Təşkilatın qarşısında isə həqiqətən belə qərarlardan birinə münasibət sərgiləmək vəzifəsi qoyulub: Rusiya TDƏT-də müşahidəçi statusu ilə çıxış etmək arzusunda olduğunu bildirib.MDB-nin bu günlərdə Aşqabadda keçirilən sonuncu sammitində İranın da bu təşkilatda təmsil olunmaq istəyini bəyan etməsi konteksində bu təmsil olunduğumuz region ətrafında geosiyasi oyunların mürəkkəb bir orbitə adlamasının bariz göstəricisi kimi diqqəti cəlb edir”, — deyə siyasətçi söyləyib.

O, sonda deyib ki, nəhayət İsraildə keçirilən son seçkilərdən sonra bu dövlətdə siyasi elitanın yeni tərkibdə formalaşması ehtimalı, beynəlxalq məhkəmə qarşısında qalma ehtimallarını nəzərə alan Netenyahunun İsraildə yeni qüvvələr nisbətinin hakimjyyətdə təmsil olunma səylərinin qarşısını almaq üçün çabaları, İsrail, onun Yaxın Şərq siyasətinə münasibətdə Azərbaycan və Türkiyə arasında ortaq maraqların müəyyən edilməsi zərurəti Türkiyə prezidenti Ərdoğanı növbəti dəfə Bakıya gəlmək və qardaş dövlətin başçısı İlham Əliyevlə yenidən görüşmək zərurəti qarşısında qoyub.

Dəniz Pənahova
Tribuna.az