Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndələrindən olan Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev dünyasını dəyişib.

Tribuna.az xəbər verir ki, aktyor bu gün vəfat edib. Onun ölüm səbəbi barədə hələlik məlumat verilməyib.

Aslan Miri oğlu Fətullayev 20 oktyabr 1956-cı ildə Lerik rayonunun Çayrud kəndində anadan olub. Bakı Kitabxanaçılıq Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali və orta ixtisas təhsili alıb.

Sənətə marağı hələ uşaqlıq illərindən yaranan aktyor ilk dəfə 7 yaşında kənd mədəniyyət evinin səhnəsində Yusif Əzimzadənin “Nəsrəddin” komediyasında İnkir obrazını oynayıb. 1975-ci ildə isə “Canlı şahid” televiziya tamaşasında canlandırdığı 13 yaşlı polyak Şani obrazı ilə Azərbaycan Televiziyasının Qızıl Fonduna daxil olub.

Aslan Fətullayev kino sahəsində də yaddaqalan obrazlara imza atıb. O, “Qorxma, mən səninləyəm!”, “Evlənmək istəyirəm”, “Cin mikrorayonda” və “Qətl günü” kimi filmlərdə rol alıb.

Aktyor 2003-cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb, 2008-ci ildən isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyətini davam etdirib.

Sənətçinin xidmətləri dövlət tərəfindən də qiymətləndirilib. O, 2016-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb və Prezident mükafatı alıb.

Allah rəhmət eləsin!