“Unibank”ın kredit ödənişləri ilə bağlı müştərilərin narazılığına səbəb olan məsələ gündəmə gəlib. Bankın bəzi müştəriləri artıq ödədikləri vəsaitin əsas borcdan çıxılmadığını, hətta hesablarında da əks olunmadığını iddia edirlər.
Tribuna.az xəbər verir ki, bu barədə vətəndaş Orxan Ramaldanov sosial şəbəkədəki “Müştəriyəm, şikayətim var” qrupunda paylaşım edib.
Şikayətçi bildirib ki, son aylarda kredit ödənişləri zamanı əlavə ödədiyi məbləğ əsas borcdan çıxılmır və hesabında da görünmür.
“Son aylarda kredit ödənişlərində əlavə ödəniş əsas məbləğdən çıxılmır, hesabda da görünmür. Hər dəfə kreditdən sonra mütləq yoxlamaq lazımdır ki, borc çıxılıb, ya yox. Bu məbləğ əsas borcdan azalmırsa, niyə hesabda görünmür? Necə ki, işçilər deyir, hesabınızdadır”, – deyə o qeyd edib.
Digər müştəri Elnur Rahimli də eyni problemlə üzləşdiyini yazıb. Onun sözlərinə görə, artıq ödədiyi vəsaitin təxminən 100 manatı hesaba əlavə edilsə də, həmin ay üzrə borcunda 65 manat göstərilib.
Müştəri bank əməkdaşları ilə əlaqə saxladıqdan sonra ona məbləğin hesaba düşəcəyi və ayın ilk günü silinəcəyi bildirilib.
Orxan Ramaldanov isə əvvəlki dövrlərdə bankın daha şəffaf işlədiyini, artıq ödənişlərin dərhal əsas borcdan çıxıldığını bildirib. Onun sözlərinə görə, son aylarda həm bu prosesdə, həm də hesabda məlumatların əks olunmasında dəyişiklik müşahidə olunur.
Elnur Rahimli başqa bir bankda da oxşar vəziyyətlə qarşılaşdığını qeyd edərək, ödəniş etdikdən sonra məbləğin borcdan silinməsini gözləməli olduğunu yazıb.
Müştərilər ödənişlərin hesablanması və artıq vəsaitin əsas borca yönəldilməsi mexanizminin aydın izah edilməsini istəyirlər.
Qeyd edək ki, şikayətlərdə səsləndirilən iddialarla bağlı “Unibank”ın mövqeyi hələlik məlum deyil.
Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.
Gülşən Rəsul











