Türkiyəli aktyor Haluk Bilginerin illər əvvəl “Türk kinosu” ifadəsini düzgün hesab etmədiyini bildirərək “Türkiyə kinosu” adlandırılmasını təklif etməsi yenidən gündəmə gəlib. Aktyorun bu fikirləri Türkiyədə narazılıq yaradıb. Bir sıra tanınmış sənət adamları və jurnalistlər Bilginerin mövqeyinə etiraz ediblər.
Tribuna.az xəbər verir ki, Bilginer vaxtilə verdiyi müsahibədə Türkiyədə kino sənayesinin adlandırılması ilə bağlı fikirlərini bölüşərək “Türkiye sineması diyelim mi ona? Türk sineması bana doğru gelmiyor” – deyə bildirib.
Aktyorun bu açıqlaması sosial şəbəkələrdə yenidən müzakirəyə çıxarılıb. Xüsusilə onun başqa ölkələrin kinosundan danışarkən “İngilis, fransız, rus kinosu” ifadələrindən istifadə etməsi tənqidlərə səbəb olub.
Mövzuya münasibət bildirən televiziya aparıcısı Ece Üner Bilginerin fikirlərinə sərt etiraz edib.
O, sosial şəbəkə hesabında “Türk sineması” demək əvəzinə “Türkiyə sineması” deməyin açıq irqçilik olduğunu yazıb.
Üner başqa paylaşımında isə Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün məşhur “Nə mutlu Türküm deyənə” ifadəsini xatırladıb:
“Atatürk “Nə mutlu Türk ırkından gələnə” demir, ‘Nə mutlu Türküm deyənə’ deyir. Bunu deyərkən də irqçiliyə son nöqtəni qoyur”.
Müğənni Yeşim Salkım da aktyorun açıqlamasına münasibət bildirib.
O, paylaşımında “Türkəm, doğruyam, çalışqanam! İngilis vatandaşı zaten Haluk, yüklənməyin məncə. Türk deyil onsuz da. Sevgilər” ifadələrini işlədib.
Jurnalist Fatih Altaylı da müzakirəyə qoşularaq Bilginerin yanaşmasını sual altına alıb. O, Fransa nümunəsini çəkərək aktyordan “Fransız kinosu” ifadəsini nə dərəcədə doğru hesab etdiyini soruşub. Altaylı İranın çoxetnikli cəmiyyət olduğunu da xatırladaraq, həmin ölkənin kinosunun “İranlı kinosu” adlandırılmasının təklif edilib-edilməyəcəyini gündəmə gətirib.
Gülşən Rəsul









