ABŞ-da demokratlar prezident Donald Tramp administrasiyasının ölkənin kəşfiyyat qurumlarına münasibətini və bu sahədə həyata keçirilən dəyişiklikləri araşdırmağa hazırlaşır.
Tribuna.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
ABŞ Nümayəndələr Palatasında əsas komitələrə gələn ilin yanvarından nəzarəti ələ keçirəcək demokratlar kəşfiyyat əməkdaşlarının işdən çıxarılması, qurumlarda işçi sayının azaldılması və analitiklərin siyasi təzyiq səbəbindən öz fikirlərini ifadə etməkdən çəkinməsi ilə bağlı məsələləri diqqətə götürəcəklər.
Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin gələcək sədri Cim Himes bildirib ki, bəzi analitiklər mübahisə yarada biləcək mövzularda hesabat hazırlamaqdan çəkinirlər. Onun sözlərinə görə, kəşfiyyat sahəsində çalışanlar arasında mənəvi ruh düşkünlüyünün artmasına dair əlamətlər də var.
Himes araşdırmanın əsas istiqamətlərindən birinin administrasiyanın mövqeyi ilə uyğun gəlməyən qiymətləndirmələrə görə işdən çıxarıldığı iddia olunan əməkdaşlarla bağlı olacağını deyib.
Məlumata görə, ABŞ-ın keçmiş Milli Kəşfiyyat direktoru Tulsi Qabbard 2025-ci ildə rəhbərlik etdiyi qurumun işçi heyətini təxminən 40 faiz azaldıb. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff isə bir neçə il ərzində qurumun əməkdaşlarının sayını 1 000-dən çox azaltmağı planlaşdırdığını açıqlayıb.
Demokratlar araşdırma çərçivəsində kəşfiyyat qurumları arasında məlumat mübadiləsinin vəziyyətini, müdafiə və kəşfiyyat şirkətləri ilə əlaqələri, eləcə də ABŞ-ın xaricdə həyata keçirdiyi gizli əməliyyatları da nəzərdən keçirməyi planlaşdırırlar.
Araşdırmalar demokratların Konqresdə nəzarəti ələ alacağı 2027-ci ilin yanvarından sonra başlayacaq.
Fərda Uğur









