Frontotemporal demensiyadan əziyyət çəkən Hollivud ulduzu Brüs Uillisin gündəlik qayğısı ailəsinə ciddi maliyyə yükü yaradır.
Tribuna.az xəbər verir ki, “Daily Mail” qəzetinin məlumatına görə, aktyorun ailəsi onun ehtiyacları üçün 30 min dollardan çox vəsait xərcləyir.
Nəşrin mənbəsinin bildirdiyinə görə, aktyorun həyat yoldaşı Emma Heminq təkcə onun sağlamlığı ilə deyil, təxminən 250 milyon dollar dəyərində qiymətləndirilən sərvətinin idarə olunması ilə də məşğul olur.
Mənbə qeyd edib ki, son vaxtlar Brüs Uillis daha sakit davranır, bəzən ətrafındakı əşyalara uşaq marağı ilə baxır. Bununla belə, xarici görünüşcə sağlam, orta yaşlı kişi təsiri bağışlayır.
Aktyora ailəsi, keçmiş həyat yoldaşı Demi Mur və övladları dəstək olur. Lakin yaxınlarının sözlərinə görə, xəstəliyindən sonra Hollivuddakı dostlarının və tanışlarının dairəsi xeyli daralıb.
“İşləməyi dayandırdığın anda bütün dostlar səni unudurlar. Bu şəhərdə A-list ulduzları artıq ‘Brüs… kim?’ deyirlər”, – deyə mənbə bildirib.
Bununla yanaşı, aktyorun gündəlik həyatda sadə şeylərdən zövq aldığı qeyd olunur. O, dondurma yeməyi, avtomobillə gəzintiyə çıxmağı və sevdiyi musiqiləri dinləməyi xoşlayır.
Mənbənin sözlərinə görə, aktyorluq karyerasının əvvəlində teatr məşqləri ilə aradan qaldırdığı kəkələmə problemi də yenidən üzə çıxıb.









