Məktəblərdə şagirdlərə qarşı fiziki zorakılıq göstərən müəllimlərin cərimələnməsi ilə bağlı qərar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi müəllimlər sosial media hesablarında “uşaqlar dalaşır, müəllim isə kənarda dayanıb su içir” məzmunlu videolar paylaşaraq, yeni qaydanın tədris mühitinə mənfi təsir edəcəyini iddia edirlər.
Tribuna.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, təhsil ekspertləri bu məsələyə birmənalı yanaşmağın doğru olmadığını bildirirlər.
Ekspertlərin fikrincə, yeni qaydanın bir çox müsbət tərəfləri var:
– Şagirdlərin hüquqlarının qorunması;
– Müəllim-şagird münasibətlərində qarşılıqlı hörmət və dostluq mühitinin yaranması;
– Valideynlərin məktəbə olan etimadının artması;
– Şagirdlərin dərslərə daha yüksək motivasiya ilə yanaşması;
– Məktəbdə sağlam psixoloji mühitin formalaşması.
Bununla belə, bəzi müəllimlər bu qərarı “müəllim nüfuzunun aşağı düşməsi” və “pedaqoqların psixoloji təzyiq altında saxlanması” kimi qiymətləndirirlər.
Təhsil eksperti Sevinc Purkeştasib bildirir ki, müasir təhsil zorakılıq və fiziki təzyiq üzərində deyil, pedaqoji və psixoloji yanaşmalarla həyata keçirilməlidir:
“Şagird məktəbdə özünü təzyiq altında hiss etməməlidir. Müəllim şagird üçün dost və yol göstərən olmalıdır. Müasir təhsil həm şagird, həm də müəllimyönümlü olmalıdır”.
Mövzu ilə bağlı açıqlama verən ekspert əlavə edib ki, məktəblərdə yaranan mühit həm müəllimin, həm də şagirdin maraqlarına xidmət etməlidir. Bu yanaşma gələcəkdə daha səmərəli və sağlam təhsil mühitinin yaranmasına şərait yaradacaq.
Qeyd edək ki, yeni qaydalara əsasən, tərbiyə məqsədilə uşağa qarşı fiziki zorakılıq tətbiq edən müəllimləri 200 manatadək cərimə gözləyir.









