Teatrlara ayrılan milyonlar nəyi dəyişəcək?

Teatrlara ayrılan milyonlar nəyi dəyişəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda teatr və konsert müəssisələrinin fəaliyyətinə 2027-ci ildə 51,6 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Mədəniyyət sahəsinə dövlət dəstəyinin davam etdirilməsi teatrların inkişafı, yeni tamaşaların hazırlanması və maddi-texniki bazanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, ayrılan vəsaitlərin real nəticələrə çevrilməsi, teatrların tamaşaçı auditoriyasının genişləndirilməsi və xüsusilə gənclərin səhnə sənətinə marağının artırılması məsələsi aktuallığını qoruyur. Bəs Azərbaycan teatrları bu gün tamaşaçıların gözləntilərinə nə dərəcədə cavab verir? Teatrlara ayrılan milyonlarla vəsait onların inkişafına və repertuarın zənginləşməsinə, eyni zamanda tamaşaçı auditoriyasına necə təsir göstərəcək? Müasir tamaşaçını teatra cəlb etmək üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Tribuna.az-ın suallarını cavablandıran əməkdar artist Elman Rəfiyev bildirib ki, teatra diqqət ayrılması çox sevindiricidir.

Elman Rəfiyev yaxın günlərdə Ankarada olduğu festivaldan bəhs edərək deyib:

“Ankarada beynəlxalq teatr festivalı keçirilirdi. Müxtəlif dövrlərin tamaşaları səhnəyə qoyuldu. Gürcüstan, Latviya, İran, İspaniya kimi ölkələr çıxış edirdi. Mən müşahidə etdim və gördüm ki, Azərbaycan teatrı heç də geri qalmayıb, əksinə irəlidədir. Amma orada suni intellekt məsələsi hər kəsi narahat edirdi. Sİ musiqini, kinonu, klipləri, təhsili və s. əlinə alıb. Lakin Sİ teatra təsir edə bilməyəcək. Çünki teatr canlı sənətdir. Süni intellekt ssenari yaza, musiqi bəstələyə bilər. Amma aktyorun oyununu canlı ifa edə bilməz. Yaxın zamanlarda bir cizgi filmin səsləndirməsini Sİ -in ixtiyarına buraxmışdılar. Ancaq süni zəka bunu çox bərbad şəkildə etdi. Çünki robotda can yoxdur”.

Əməkdar artist əlavə edib ki, dövlətin teatrlara göstərdiyi qayğı təqdirəlayiqdir lakin sağlam yanaşmaq lazımdır. Düzgün yanaşaraq heç bir mənafe güdməməlidirlər. Teatrın vəziyyətini, texnikanı, aktyorun güzəranını yaxşılaşdırsınlar. Və ən əsası pyes seçərkən düzgün qərar versinlər.

“Bu gün tamaşaçını heyrətləndirmək lazımdır. Köhnə stildə tamaşa oynamaqla, tamaşaçı heyrətlənməyəcək. Tamaşaçı səhnədə qeyri -adi şeylər görmək istəyir. Pyesi olduğu kimi səhnəyə köçürmək olmaz. Rejissor yanaşması olmalıdır. Ona görə də rejissorlar təfəkkür səviyyələrini dəyişməlidir”, — deyə E. Rəfiyev qeyd edib.

Azərbaycan tamaşaçısının teatra az getməsinin səbəblərinə də toxunan aktyor vurğulayıb:

“Hazırda insanlar sosial şəbəkələrdədir. Sosial şəbəkələrə həm televiziya, həm də teatr uduza-uduza gedir. Çünki insanlar qısa filmlər görmək istəyir. 5, 7 saatlıq tamaşalar tamaşaçıya maraqlı deyil. Çünki insan beyninin qavrama qabiliyyəti var”.

Elman Rəfiyev sonda açıqlayıb ki, bu xəbərə çox sevinir. O, inanır ki, teatr rəhbərləri, teatr rejissorları və teatrda çalışan insanlar bundan sağlam istifadə edəcəklər. Əgər sağlam yanaşsalar, o zaman inkişaf etmiş teatrdan danışa bilərik. Nəticəsini isə gələn il görəcəyik. Çünki dünya teatrlarına baxanda, texnika əsas rol oynayır. Ona görə də maddi baza möhkəmləndirilməlidir. Eyni zamanda repertuar da zənginləşdirilməlidir. Təbii ki, klassik əsərlər də olmalıdır. Amma bütün teatrı klassik əsərlə doldurmaq olmaz. Müasir Azərbaycan və dünya yazarlarının da əsərlərindən istifadə etmək lazımdır. Teatr insanlara canlı mesaj ötürür. Bütün teatrsevərlərə və teatr rəhbərlərinə uğur arzu edirəm. Ümid edirəm ki, göstərilən bu qayğıya sağlam yanaşacaqlar.

Dəniz Pənahova
Tribuna.az