33 ölkədən ərzaq ehtiyatı çağırışı: Qlobal böhran, yoxsa yeni bazar oyunu?

33 ölkədən ərzaq ehtiyatı çağırışı: Qlobal böhran, yoxsa yeni bazar oyunu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada artan geosiyasi gərginlik, müharibə təhlükəsi, təbii fəlakətlər və kiberhücumlar ölkələri mümkün fövqəladə vəziyyətlərə qarşı hazırlıq görməyə vadar edir. ABŞ, İngiltərə və Avropa İttifaqına üzv dövlətlərin də daxil olduğu 33 ölkə vətəndaşlarına fövqəladə hallar zamanı istifadə etmək üçün ərzaq, içməli su və digər zəruri vasitələrdən ibarət ehtiyat yaratmağı tövsiyə edib.

Bu çağırışlar bir tərəfdən əhalinin təhlükəsizliyinin təmin edilməsinə hesablanıbsa, digər tərəfdən ərzaq bazarında tələbatın artması, qiymət dəyişiklikləri və mümkün süni qıtlıqla bağlı suallar doğurur. Bəs belə tövsiyələr qlobal ərzaq bazarına necə təsir edə bilər? Azərbaycanda da oxşar ehtiyat tədbirlərinə ehtiyac varmı?
İnsanların qorxu və narahatlığı kommersiya maraqlarının alətinə çevrilə bilərmi?

Məsələ ilə bağlı Tribuna.az-a danışan iqtisadiyyat üzrə fəlsəfə doktoru, alim-iqtisadçı Fuad İbrahov bildirib:

“Bu, aktual və qlobal bir mövzudur. Müasir dövrdə təəssüflər olsun ki, istənilən fors-major hal, münaqişə, pandemiya hansısa böyük maraqların, qazancların hərəkətinə şərait yaradır. Bu gün dünya birjalarında belə hadisələrə reaksiya klassik nəzəriyyələrdən kənarlaşır. Yəni, tələb və təklif bir qıraqda qalır, spekulyativ alətlər və dəhlizlər hərəkətə keçir, şaxələnir. Eyni zamanda spekulyativ güclər öz maraqlarını rahatlıqla dəstəkləyir”.

Fuad İbrahimovun sözlərinə görə, bu formatda olan hazırlıqlar və bəyanatlar bazara istənilən anda təsirini göstərə bilir. Bunların arasında elə ölkələr var ki, siyasi nöqteyi-nəzərdən dayanıqlıdır. Biz isə bu baxımdan daha elastik, çevikik.

İqtisadçı qeyd edib ki, təkcə Rusiya-Ukrayna münaqişəsi nəticəsində impulsiv olaraq taxılın, buğdanın qiyməti bahalaşdı. Bu da təbii hal idi. Çünki Rusiya ilə Ukrayna bu qəbildən olan məhsulların ixracında ilk beşliyə daxildir. Eyni zamanda dünya bazarlarında da qiymətlər qalxdı.

“Azərbaycan hökuməti bu prosesdə idxal rüsumlarının sıfırlanmasını, aradan qaldırılmasını, daxili bazarda ƏDV-dən azad olunmanı, un istehsalçılarına subsidiyaların verilməsi kimi dəstəkləmə paketləri ilə qiymətlərin sabit qalmasına şərait yaratmışdı. Bu gün for-major bir hal baş verərsə, Azərbaycan öz maliyyə dayanıqlığını və ehtiyatlarını hərəkətə gətirməklə, strateji və vacib məhsulların qiymətlərinin sıçrayışına, bahalaşmaya imkan verməyəcək. Ən azından bazarda xaosun yaranmasına imkan yaradılmayacaq. Amma bir çox ölkələr var ki, iqtisadi cəhətdən çox inkişaf etsə də, belə məsələlərdə hazırlıqları və təcrübələri yoxdur. Elementar bir vəziyyətdə “iflic” halına düşmə imkanları daha qabarıq görünür. Həmçinin, bu gün istənilən informasiya dünya bazarlarına həssasdır”, — deyə alim sonda vurğulayıb.

Dəniz Pənahova
Tribuna.az